MƏDƏNİYYƏT
Qırğızıstanın Çolpon-Ata şəhərində beynəlxalq turizm sərgisi açılıb





Bişkek, 17 may, AZƏRTAC
Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində “Issyk-Kul ITF - 2022” beynəlxalq turizm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Çingiz Aytmatov adına Açıq səma Muzeyinin ərazisində təşkil olunan sərgidə turizm sahəsində fəaliyyət göstərən dövlət qurumları, mədəniyyət birlikləri, turizm şirkətləri, turoperatorlar və digər təşkilatlar iştirak ediblər.
Yarmarkada Qırğızıstanın bütün bölgələrini əhatə edən çadırlarda tanınmış şəxsiyyətlərin portretləri, təbiət, investisiya imkanları, yerli mətbəx mədəniyyəti, geyim, əl işləri və incəsənət nümunələri təqdim olunub.
Tədbir çərçivəsində yerli və xarici turizm qurumları, hostellər, qonaq evləri öz məhsul və xidmətlərini nümayiş etdiriblər.
Çolpon-Atada Qırğızıstan və Türkiyə, Macarıstan, Rusiya, Özbəkistan, Monqolustan, Çin, Qazaxıstan, Gürcüstan, İran və Qətər öz məhsullarını sərgiləyib.
Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov da iştirakçılar arasında olub.
Tədbirdə Qırğızıstan Nazirlər Kabinetinin sədri Akilbek Japarov çıxış edib.
Türkiyənin tanıdılması üçün Atatürk heykəlinin qarşısında 3 qırğız çadırı və stend qurulub, onlar Türkiyə bayraqları, dövlət qurumlarının plakatları, tarixi şəxsiyyətlərin rəsmləri ilə bəzədilib.
Tədbir çərçivəsində 2022-ci ildə türk dünyasının mədəniyyət paytaxtı Bursaya həsr olunmuş xüsusi stend qurulub.
Türkiyənin Bursa şəhərinin fəxri olan ipək və şüşə keramikadan hazırlanmış məhsullar və milli mətbəx nümunələri nümayiş etdirilib.
Tədbirin ikinci günündə ənənəvi olaraq Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində “İssık-Kul marafonu” keçirilib. Xarici ölkələrin Qırğızıstandakı səfirləri də marafonda iştirak ediblər.
Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilovun da qatıldığı marafonda səfirlərə rəmzi olaraq Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər naziri Azamat Camankulov tərəfindən xatirə medalları təqdim olunub.