QAN YADDAŞI
Qırğızıstanın “Kabar” agentliyi 20 Yanvar faciəsindən yazıb
Bişkek, 20 yanvar, АZƏRTAC
Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyi Azərbaycanın bu ölkədəki səfirliyinin 20 Yanvar faciəsi ilə bağlı məlumatını yayıb.
AZƏRTAC xəbər verir ki, “Qara Yanvar” - Azərbaycanın unudulmayan faciəsi” sərlövhəli materialda 20 Yanvar faciəsi haqqında oxuculara məlumat verilir, o qanlı gecədən 31 il keçdiyi diqqətə çatdırılır.
Məqalədə bildirilir ki, Azərbaycan xalqı zaman-zaman amansız təcavüzlərin, deportasiyaların və etnik təmizləmələrin qurbanı olub. 1990-cı ildə törədilən 20 Yanvar faciəsi isə Azərbaycan xalqının tarixinə qanlı aktlardan biri kimi düşüb.
Deyilir ki, həmin gün sovet qoşunları Bakıya və respublikanın bir neçə rayonuna xalqın azadlıq hərəkatını boğmaq, demokratik, suveren dövlət ideyalarının qarşısını almaq, xalqın milli mənliyini alçaltmaq məqsədilə yeridilib. Bu, kommunist rejiminin silahsız insanlara qarşı törətdiyi qanlı cinayət idi.
Vurğulanır ki, faciədən bir gün sonra o zaman Moskvada yaşayan böyük siyasi xadim Heydər Əliyev Azərbaycanın bu şəhərdəki nümayəndəliyinə gedərək sovet qoşunlarının Bakıya yeridilməsinə etirazını bildirib, bu faciənin hüquqa, demokratiyaya, humanizm prinsiplərinə zidd olduğunu söyləyib, faciənin məsuliyyətini sabiq SSRİ-nın rəhbəri Mixail Qorbaçovun üzərinə qoyub.
Yazıda o qanlı gecədə qəddarcasına öldürülən və yaralananların sayı haqqında da məlumat verilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek