SİYASƏT
Qırğızıstanın Kant şəhərində Heydər Əliyev adına küçənin açılış mərasimi olmuşdur
Kant, 27 iyun (AZƏRTAC). Qırğızıstanın Kant şəhərində Heydər Əliyev adına küçənin açılış mərasimi keçirilmişdir.
Küçənin rəmzi açılışını bildirən lent kəsildikdən sonra Azərbaycanının və Qırğızıstanın dövlət himnləri səsləndirilmişdir.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov mərasimdə çıxış edərək demişdir ki, dünyanın bir çox ölkələrində Heydər Əliyev adına çoxlu küçə və prospektlər vardır, Ümummilli Liderin heykəlləri və büstləri ucaldılmışdır. Lakin əlamətdar hal odur ki, bu, Qırğızıstanda Heydər Əliyev adına açılan ilk küçədir. Biz bir daha şahidi oluruq ki, Heydər Əliyevi təkcə Qırğızıstanda deyil, bütün dünyada çox sevirlər.
Səfir küçəyə ümummilli lider Heydər Əliyevin adının verilməsi ilə bağlı əməyi olan hər kəsə minnətdarlığını bildirmişdir.
Sonra tədbirdə Kant şəhərinin meri Erkin Abdraxmanov, Qırğız Respublikası Joqorku Keneşinin deputatları, “Azəri” İctimai Birliyinin sədri Əziz Əliyev, tanınmış ictimai xadim Aydar Kerimkulov və başqaları çıxış etmişlər.
Xatırladırıq ki, ulu öndər Heydər Əliyevin qardaş Azərbaycan və Qırğızıstan xalqlarının dostluq əlaqələrinin möhkəmləndirilməsində misilsiz xidmətləri və Bişkekdəki “Azəri” İctimai Birliyinin müraciəti nəzərə alınaraq 2014-cü il mayın 16-da Qırğız Respublikasının Kant şəhər Keneşinin 15-ci növbədənkənar sessiyasının qərarı ilə Kant şəhərinin Miçurin küçəsinin adı dəyişdirilərək Heydər Əliyevin adı verilmişdir.
Qərarda deyilir ki, görkəmli dövlət xadimi Heydər Əliyev keçmiş Sovet İttifaqının Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmuşdur, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almışdır. 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 1995-ci ildə Qırğızıstanda “Manas” dastanının 1000 illiyinə həsr olunmuş tədbirlərdə fəal iştirak etmişdir.
Mərasim konsert proqramı ilə davam etmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Kant