MƏDƏNİYYƏT
Qırğızıstanın “Piramida” kanalında bu ölkənin Azərbaycana yeni təyin olunmuş səfiri ilə müsahibə yayımlanıb
Bişkek, 12 iyul, АZƏRTAC
Qırğızıstanın “Piramida” televiziya kanalının “Dostluq körpüsü” proqramının xüsusi buraxılışında bu ölkənin Azərbaycana yeni təyin olunan səfiri Kayrat Osmonaliyev ilə müsahibə yayımlanıb.
AZƏRTAC xəbər verir ki, müsahibədə iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə çıxarılmasının vacibliyindən danışılıb.
Səfir Azərbaycan ilə Qırğızıstan arasında indiyədək imzalanan müqavilələrdən irəli gələn vəzifələri yerinə yetirmək üçün səylərini əsirgəməyəcəyini bildirib.
K.Osmonaliyev iyulun 1-2-də Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayevin Azərbaycana səfəri çərçivəsində Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi görüşlərə də toxunub. O bildirib ki, görüşlərdə razılaşdırılan məsələlər, Azərbaycan tərəfinin qırğız nazirə göstərdiyi diqqət münasibətlərin yüksək səviyyəsindən xəbər verir.
Sonda səfir Azərbaycan və qırğız xalqlarının eyni tarixi köklərə, mədəniyyət, dil, din, adət-ənənəyə malik olduğunu unutmamağın vacibliyini vurğulayıb.
Xatırladaq ki, proqramın aparıcıları Bişkekdəki “Türkel” Media Qrupunun rəhbərləri Hökümə Xəlilova və Ramiz Məşədihəsənlidir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek