İQTİSADİYYAT


Qırğızıstanın altı televiziya və radio kanalı “Azerspace-1” peyki üzərindən yayıma başlayıb

Bakı, 8 sentyabr, AZƏRTAC

Qırğızıstanın altı televiziya və radio kanalı “Azerspace-1” peyki üzərindən yayıma başlayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Qırğızıstanın altı televiziya – “Asia TV”, “Osh Pirim TV”, “Kyrgyzstan TV”, “Sentyabr TV”, “Ekho Manas TV” və “Next” FM radio kanalları "Azerspace-1" peyki üzərindən yayıma başlayıb. "Azərkosmos" ASC ilə imzalanan müqaviləyə əsasən, sentyabr ayından etibarən televiziya kanalları 11015/H/13000 və radio kanalı 11095/V/30000 tezliyi ilə yayımlanır. Bu kanallar vasitəsilə qırğız və rus dillərində ictimai, siyasi, iqtisadi, idman, musiqi, əyləncə və mədəniyyət verilişləri nümayiş edilir.

Qeyd edək ki, Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı planlaşdırır.

Daha ətraflı məlumatı “www.azercosmos.com” internet səhifəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.