SİYASƏT
Qırğızıstanın mətbuatı Ermənistanın Azərbaycana qarşı təxribatlarından yazıb
Bişkek, 2 oktyabr, АZƏRTAC
Qırğızıstanın “manas.kg”, “24.kg” portalları və “Veçerniy Bişkek” qəzeti Ermənistanın Azərbaycana qarşı təxribatları, Silahlı Qüvvələrimizin əks hücumları barədə materiallar yayıb.
AZƏRTAC xəbər verir ki, materiallarda sentyabrın 27-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə hücumu və ordumuzun əks-hücumu haqqında ətraflı məlumat yer alıb. Bildirilib ki, Ermənistan ordusu əsasən Azərbaycanın mülki obyektlərini, kəndlərini və dinc sakinləri hədəfə alıb. Tərtər, Ağdərə, Füzuli istiqamətindəki kəndlərdə xeyli dağıntı, dinc əhali arasında həlak olan və yaralananlar var.
“Manas.kg” portalı yazıb ki, Ermənistanın təmas xəttindəki təxribatları və Azərbaycanın əks-hücumu nəticəsində vəziyyətin daha da gərginləşməsinə görə bütün məsuliyyət işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Portal Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini rus dilində dərc edib.
“Veçerniy Bişkek” qəzeti vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və münaqişə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin müddəaları əsasında həll olunmalıdır. Qətnamələrdə deyilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməlidir.
Materiallarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek