CƏMİYYƏT
Qırğızıstanın nümayəndə heyəti Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları ilə tanış olub
Bakı, 17 avqust, AZƏRTAC
Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında olub.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyət istiqamətləri, eləcə də tabeliyində fəaliyyət göstərən laboratoriyalar və onların maddi-texniki bazası barədə qonaqlara geniş məlumat verilib.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qeyd edib ki, institutun fəaliyyəti əsasən qida təhlükəsizliyinə dair elmi-praktik araşdırmaların və tədqiqatların aparılması, risk qiymətləndirilməsinin elmi əsaslarının formalaşdırılması, eləcə də mövcud beynəlxalq standartların, norma və qaydaların tələbi nəzərə alınmaqla qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrinin işlənilib hazırlanmasından ibarətdir və tabeliyində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda infrastruktur beynəlxalq standartlar səviyyəsində qurulub və ən müasir avadanlıqlarla təchiz edilib, burada qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının qorunması və karantin nəzarətinin həyata keçirilməsi sahələrində dəqiq müayinə və analizlər həyata keçirilir.
Görüş çərçivəsində qonaqlar Milli Referens Laboratoriyası və Kompleks Tədqiqatlar Laboratoriyasında laborator sınaqların həyata keçirildiyi otaqlara baxış keçiriblər, sınaqların aparılması prosesini izləyiblər, cihaz və avadanlıqlarla əyani tanış olublar. Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini ölkəmizdə müasir texnologiya və avadanlıqlara malik laboratoriyaların fəaliyyəti və davamlı təkmilləşdirilməsi sahəsində görülən işləri yüksək qiymətləndirib.
Görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən qida məhsullarının idxal-ixrac prosedurlarının sadələşdirilməsi, risklərin və böhran vəziyyətlərinin idarəedilməsi ilə bağlı təcrübə mübadiləsi, laboratoriyaların inkişafı və qurulması sahəsində birgə əməkdaşlığa dair məsələlər müzakirə olunub. Dinamik inkişafa əsaslanan əməkdaşlıq münasibətlərinin gücləndirilməsində qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsinin faydalı olacağı vurğulanıb.