ELM VƏ TƏHSİL
Qırğızıstanlı diplomat UNEC-in tələbələrinin intellektual səviyyəsini yüksək qiymətləndirib
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan ilə Qırğızıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə UNEC-in elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov iki ölkə arasında güclü iqtisadi-siyasi əlaqələrin olduğunu bildirib. O, Qırğızıstan ilə Azərbaycan arasındakı diplomatik əlaqələrin əhəmiyyətindən bəhs edib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Qırğızıstanın ölkəmizdəki müvəqqəti işlər vəkili Bakıt Yusupov “Qırğızıstanın xarici siyasəti” mövzusunda təqdimatla çıxış edib. O, UNEC-in tələbələrinə Azərbaycan və qırğız xalqlarının tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə sıx tellərlə bağlı olduğunu bildirib. Qırğızıstanda 20 minə yaxın azərbaycanlının yaşadığını qeyd edən B.Yusupov iki ölkə arasında iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafından söz açıb. Diplomat ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb.
Tədbirdə Qırğızıstanın coğrafiyası, zəngin tarixi, inkişafı, mədəniyyəti, təbiəti, iqtisadiyyatı və təhsili haqqında sənədli film nümayiş olunub. Sonda tələbələrin suallarını cavablandıran müvəqqəti işlər vəkili UNEC-in tələbələrinin intellektual səviyyəsini yüksək qiymətləndirərək onlarla tanışlıqdan məmnun olduğunu bildirib.