SİYASƏT


Qırğızıstanlı jurnalist: Azərbaycanlı məcburi köçkünlər minalar səbəbindən dədə-baba yurdlarına qayıda bilmirlər

Bişkek, 13 iyun, АZƏRTAC

Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməsi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli Bəyanatın kobud şəkildə pozulmasıdır. Hazırda Azərbaycan erməni işğalçılarından azad etdiyi torpaqlarda təhlükəsizlik tədbirləri və dinc həyatın təmin olunması üçün böyük səylər göstərir. Bununla belə, işğaldan azad edilmiş ərazilərdə minalar basdırıldığı üçün məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıda bilmirlər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qırğızıstanın “Türkel” Media Qrupunun prezidenti Hökumə Xəlilova deyib.

O qeyd edib ki, iyunun 4-də azərbaycanlı jurnalistlər - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov, həmçinin Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcərdə minaya düşərək həlak olmaları və bir neçə nəfərin yaralanması Qırğızıstan jurnalistlərinin qəzəbinə səbəb olub. Ümumiyyətlə, Qırğızıstanın bütün vətəndaşları bu qanlı hadisəni törədənləri lənətləyirlər.

H.Xəlilova deyib: “Minalanmış ərazilərin xəritəsini təqdim etməmək müharibə cinayətidir. Vətən müharibəsi 7 aydır başa çatıb, bu müddətdə 27 nəfər minaların qurbanı olub, 100-dən çox insan yaralanıb. Ermənistan rəhbərliyinin minalanmış ərazilərin xəritələrini təqdim etməkdən yayınması beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyasının və onun Əlavə protokollarının kobud surətdə pozulmasıdır”.

Jurnalist deyib ki, ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər, həmçinin digər Avropa ölkələri minalanmış ərazilərin xəritələrinin təqdim olunması üçün Ermənistana təzyiq göstərməlidirlər.

Həmkarlarım öz xidməti vəzifələrini yerinə yetirmək üçün yola çıxmışdılar. Bu, onların son yolu oldu. Silahları, sadəcə, əllərindəki kameraları idi. O kameralar ki, düşmənin çirkin əməllərini, millətimizə qarşı törətdiyi vəhşilikləri, qeyri-insani hərəkətlərini lentə alıb dünyaya çatdırırdı.

H.Xəlilova sonda deyib: “Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Qarabağ Azərbaycandır! Yolumuz haqq yoludur! Ədalət bizimlədir!”.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.