QAN YADDAŞI


Qırmızı qərənfillərə bürünmüş Şəhidlər xiyabanı ən müqəddəs məkanlardan biridir

Bakı, 20 yanvar, AZƏRTAC

O gecəyədək qərənfil adi güllərdən biri idi. Toya, ziyafətə və görüşə gedənlər çiçəklərin arasında qərənfil də aparardılar. Bir vaxtlar məhəbbət rəmzi olan qərənfil həmin gecədən sonra qərənfil matəm çiçəyinə, kədər və hüzn simvoluna çevrildi. 20 Yanvar faciəsi təkcə insanların deyil, həm də qərənfillərin taleyini dəyişdi. İmperiya ordusunun muzdlu qatillərinin küçələrdə günahsız yerə qətlə yetirdiyi dinc sakinlərin qan izlərinin “çiçək açdığı” hər yerə qırmızı qərənfillər səpilmişdi. Bakı qırmızı qərənfil dənizində üzürdü...

AZƏRTAC xəbər verir ki, Bakı 2 nömrəli Tibb Kollecində Yeni Azərbaycan Partiyası ərazi təşkilatının sədri, həkim-pediatr Gülər Quluzadə deyib: “Yanvarın 20-nə açılan gün paytaxt küçələri nəhəng bir xiyabanı xatırladırdı. O günü xatırlayanda adamın gözləri qarşısına dəhşətli mənzərə gəlir: sovet imperiyasının xalqımıza qarşı ədalətsiz mövqeyindən qəzəblənərək küçələrə çıxıb etiraz edən ucsuz-bucaqsız insan dənizi, haqq deyə hayqıran minlərlə adamın uca kürsülərdən eşidilməyən səsi, öz xalqını suveren və müstəqil görmək arzusu ilə alışıb yanan gənclərin düyünlənmiş yumruqları... Zirehli tankların üstündə şəhəri dolaşan kaskalı sovet əsgərlərinin dinc əhaliyə yönələn qəzəbli baxışları, heç bir xəbərdarlıq edilmədən səhərə qədər atılan və şəhərə rahatlıq verməyən avtomat atəşləri, gülləbaran edilmiş günahsız körpə, qadın, uşaq və dinc sakinlər, milyonların çiynində son mənzilə yola salınan gül-çiçəyə bürünmüş şəhid tabutları, bir də qan dənizində üzən Bakı küçələrində az qala hər səkiyə, hər addıma döşənən qırmızı qərənfillər... O gündən qərənfillər şəhid qanının rəmzinə çevrildi”.

“Bu gün şəhidlərin əziz xatirəsini yad etmək üçün hamı əlində qərənfil xiyabana axışır. Analar tər qərənfilləri göz yaşları ilə isladaraq Vətən müdafiəsçiləri olan şəhidlərin məzarı üstünə düzür. Qırmızı qərənfillərə bürünmüş Şəhidlər xiyabanı ən müqəddəs məkanlardan birinə çevrilib. Xalqımız müstəqilliyinə qovuşduğuna, şəhidlərin arzuları çiçək açdığına görə bu gün həm də təsəlli tapırıq”,- deyə Gülər xanım əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.