CƏMİYYƏT


Qırtlaq xərçəngi xəstəliyinin birinci və ikinci mərhələsində xəstənin sağalma şansı 80-90 faizdir

Bakı, 21 sentyabr, AZƏRTAC

Qırtlağın şişləri xoşxassəli və bədxassəli olmaqla iki yerə ayrılır. Xoşxassəli şişlər fibromalar, papilomalar və poliplərdir. Bu şişlər cərrahi üsulla müalicə olunurlar. Bədxassəli şişlər isə qırtlağın xərçəngi xəstəliyidir və şiş adətən qırtlağın ön hissəsində yerləşir. Qırtlaq xərçəngi dörd mərhələdə irəliləyir. Xəstəliyin birinci və ikinci mərhələsində xəstə 80-90 faiz hallarda sağalır. Üçüncü mərhələdə xəstənin sağalma şansı 55-70 faizdir. Dördüncü mərhələdə isə, təəssüf ki, xəstəni tamamilə sağaltmaq mümkün olmur. Belə xəstələrin cəmi 30-40 faizi maksimum 3 il yaşaya bilir.

AZƏRTAC xəbər verir ki, tibb elmləri üzrə fəlsəfə doktoru, otolarinqoloq-cərrah Nazim Quliyev qırtlaq xərçəngi barədə danışıb.

Həkim-mütəxəssis qırtlaq xərçənginin dörd mərhələsinin xüsusiyyətlərini izah edib: “Qırtlaq səs telləri nahiyəsi, telaltı və telüstü nahiyələrdən ibarətdir. Səsi əmələ gətirən səs telləridir. Ona görə də şiş səs telləri nahiyəsində olanda xəstənin səsi batır. Əgər xəstədə qırtlağın bir nahiyəsinin yalnız müəyyən hissəsi zədələnibsə, xəstəlik birinci mərhələdə, bir nahiyə tamamilə zədələnibsə ikinci mərhələdədir. Zədələnmənin miqyası bundan daha geniş olduqda isə üçüncü mərhələ şiş hesab edilir. Bədxassəli şiş qırtlaqdan kənara çıxaraq qırtlaq-udlağa və ya qalxanvari vəziyə yayılıbsa, deməli xəstəliyin dördüncü mərhələsidir”.

N.Quliyevin, həmçinin xəstəliyin müalicə metodları barədə də məlumat verib: “Xəstəliyin birinci və ikinci mərhələlərində lazerlə qırtlağa müdaxilə edib zədələnmiş nahiyəni götürmək mümkündür: “Belə olan halda, qırtlaq olduğu kimi qalır, boğazdan dəlik açılmır və xəstə danışıq qabiliyyətini itirmir. Bundan başqa, xəstəliyin müalicəsində şüa terapiyasından da istifadə edilə bilər. Üçüncü mərhələdə isə böyük əməliyyat icra edilir, qırtlaq yerindən tam çıxarılır və dəlik yaradılır. Əməliyyatdan sonra xəstə boğazın ön hissəsində açılan dəlik hesabına nəfəs alır”.

Həkim-otolarinqoloq qeyd edib ki, qırtlaq xərçənginin başlıca əlamətləri səsin batması, udqunma aktının çətinləşməsi və boğulma hissidir: “Bu 3 şikayətdən yalnız birinin olması belə qırtlaqda hansısa problemin olduğuna işarədir. Şərt deyil ki, simptomlar xərçəngdən xəbər verir. İstənilən halda, şikayəti olanlar həkim-mütəxəssisə müraciət etməlidirlər”.

Qeyd edək ki, araşdırmalara əsasən, qırtlaq xərçənginə daha çox 50-60 yaşlı kişilərdə rast gəlinir. Xəstəliyin əmələ gəlməsində əsas səbəb siqaret və alkoqollu içki istifadəsidir. Lakin bir sıra hallarda qırtlaq xərçəngi 18 yaşlılarda da aşkarlanır. Bunun səbəbi isə genetik pozulmalardır. Digər xərçəng növlərində olduğu kimi, qırtlaq xərçəngində də irsi meyil amili mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.