REGİONLAR


Qırx ildir ilmələrin sehrindən çıxa bilməyən pirəbədilli xalçaçı VİDEO

Şabran, 1 yanvar, Elxan Yusifli, AZƏRTAC

Qırx ilə yaxındır xalça toxumaqla məşğul olan Şabran rayonu Pirəbədil kənd sakini Elbəniz Təhməzova bu sənətin sirlərini nənəsi və anasından öyrənib. Uşaq yaşlarından xalça toxumağa başlayan E.Təhməzova vaxt keçdikcə bu peşənin bütün sirlərinə yiyələnib. Hazırda isə toxuduğu xalçalardan gələn gəlir ailə büdcəsinin formalaşmasında əsas rol oynayır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Pirəbədil xalçaları Quba xalçaçılıq məktəbinin parlaq kompozisiyalarından sayılır. Bu xalçanın adı Şabran rayonunun eyniadlı kəndindən götürülüb. Pirəbədil kəndi 1930-cu illərə qədər Quba qəzasının ərazi vahidliyinə aid olub.

Pirəbədil kəndində bu gün də xalçaçılıq ənənələri qorunub saxlanılır. Bu kənddəki əksər evlərdə xalça dəzgahları mövcuddur. Pirəbədillilər qız köçürərkən əllə toxunan xalça əsas cehiz sayılır.

Elbəniz Təhməzova bildirir ki, bir il ərzində iki-üç xalça toxuyur. Onun toxuduğu xalçaların əsas özəlliyi ondadır ki, lazım olan boyaları təbii vasitələrdən özü əldə edir. Bəzi hallarda isə hətta xalçada istifadə olunan ipləri də özü əyirir.

“Xalça toxumaq səbir və işə sevgi tələb edir. Adətən qış aylarında xalça toxuyuruq. Əvvəlki dövrlərdə də Novruz bayramınadək xalçalarımızı kəsərdik. Kimin xalçası yaza qalsa o, tənbəl sayılardı. Xalça toxuyanda gözümüzün nuru gedir. Xalçanın sehri insanı özünə elə bağlayır ki, bir də baxırsan gecə yarısı olub, amma sən hələ də toxuyursan. Hər naxışı tamamlayanda böyük zövq alırsan işindən. Bunu ancaq xalça toxuyanlar anlayar”, - deyə xalçaçı E.Təhməzova söyləyib.

Pirəbədildə təbii boyalarla rənglənmiş iplərdən toxunan xalçalar uzun müddət öz parlaqlığını və rəngini itirmədiyindən daha çox satılır. Kənd sakinləri toxuduqları xalçaları ölçüsündən asılı olaraq 800-1500 manata təklif edirlər. Amma son zamanlar satış mərkəzlərində qiyməti ucuz olan, keyfiyyətsiz xalçalara daha çox rast gəlinir. Bu da yerli xalçaçıların məhsullarının satışına əngəl yaradan əsas amillərdəndir.

Yerli xalça toxuyanlar Pirəbədil xalçasını üzərindəki naxışlara uyğun “Burma”, “Qırman”, bəzən isə “Qayçı” adlandırırlar. Bu xalçalar daha qədim tarixə malik olması ilə seçilir. Pirəbədil xalçasının əsas elementləri sol-sağ tərəflərində igidlik və ərlik rəmzi olan “qayçı” və “buynuz” təsviri, ortada isə “hind toyuğu”, onun kənarlarında meyvə ağaclarının yarpaqları və səkkizguşəli təsvirin olmasıdır. Bu xalçaların əksəriyyətinin orta sahəsi adətən tünd göy, bəzən isə tünd qırmızı rəngdə olur.

Qədim tarixə malik xalçalar Pirəbədil Tarix Muzeyində sərgilənir. Muzeydə xalçaçılığın sirlərinə yiyələnmək istəyənlər üçün dərnəklər də fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.