ELM VƏ TƏHSİL


“Qış onlayn yarışı”nın qalib komandalarına mükafatlar təqdim olunub

Bakı, 12 fevral, AZƏRTAC

Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq məktəbinin “Rəqəmsal bacarıqlar” adlı birgə layihəsi çərçivəsində Bakı və Gəncə şəhər məktəblərində keçirilən proqramlaşdırma və riyaziyyat üzrə “Qış onlayn yarışı”nın qalib komandalarına mükafatlar təqdim olunub.

AZƏRTAC xəbər verir ki, ölkə üzrə təxminən 18 min şagirdin iştirak etdiyi yarışda Bakı şəhəri, 18 nömrəli məktəbin “6ч” komandası, Anadolu liseyi və Gəncə şəhəri 4 nömrəli məktəbin “Nizami” komandası və Bakı şəhəri “Tərəqqi” liseyinin “Xaker” komandası qalib gəlib.

Qaliblərin mükafatlandırma mərasimində çıxış edən “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Nilufər Rəhimova yarışın məqsədinin karantin şəraitində şagirdlərin asudə vaxtlarını səmərəli keçirmək, ünsiyyət bacarıqlarını inkişaf etdirmək, layihə daxilində komandada işləmə bacarığı və proqramlaşdırma bilikləri aşılamaqdan ibarət olduğunu qeyd edib. O bildirib ki, daha çox şagirdin iştirakına şərait yaratmaq üçün yarış ölkənin 8-15 yaşarası bütün ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər üçün əlçatan olub.

Nilufər Rəhimova “Rəqəmsal bacarıqlar” layihəsi haqqında da ətraflı məlumat verib və layihənin məqsədinin şagirdlərə gələcəkdə faydalı olacaq XXI əsrin əsas bacarıqlarını öyrətmək olduğunu bildirib: “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qeyd olunduğu kimi, təhsil sistemində gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirilməlidir. Sürətlə dəyişən texnologiyalarla birlikdə əmək bazarı da dəyişir. Buna görə də kiçik yaşlardan lazımi bilikləri və səriştələri mənimsəmək vacibdir. Bu gün hər hansı bir peşə ən azı ibtidai kompüter biliyi, yaradıcılıq, məntiqi düşüncə və davamlı öyrənmə tələb edir. Buna görə də artıq məktəb yaşlarından şagirdlərə alqoritm və məntiqi düşüncə, layihə hazırlama bacarıqları və proqramlaşdırmanın əsaslarını öyrətməyə çalışırıq”.

Layihə rəhbəri “Rəqəmsal bacarıqlar”ın hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan, Şəki rayon və şəhərləri üzrə 222 məktəbi, II-IX siniflər üzrə 120 minədək şagirdi əhatə etdiyini bildirib. O qeyd edib ki, layihənin uğurlu nəticələrini nəzərə alaraq, növbəti tədris ilində daha da genişləndirilməsi planlaşdırılır.

Yarışın nəticələrini şərh edən informatika müəllimi Natavan Salmanova, şagirdlərin komanda şəklində düzgün fəaliyyət göstərdiklərinə görə qalib gəldiklərini söylədi: “Komanda işinin düzgün qurulması “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində şagirdlərimizə öyrətdiyimiz əsas prinsiplərdən biridir. On dörd ildir ki, dərs deyirəm və hesab edirəm ki, bu layihə, xüsusilə müasir dünyada şagirdlərin XXI əsr bacarıqlarının inkişafı üçün çox vacibdir. Layihənin əsas müsbət tərəfi odur ki, şagirdlər dərs zamanı qazandıqları bilikləri daim tətbiq edirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.