İDMAN
Qış voleybolunun Olimpiya proqramında təmsil olunmaq şansı artır
Bakı, 2 oktyabr, AZƏRTAC
Qış voleybolunun Qış Olimpiya Oyunlarının proqramına daxil edilməsi üçün bu yarışların 3x3 formatında keçirilməsi qərara alınıb ki, bu da onun olimpiadalarda təmsil olunmaq şanslarını artırır. Bundan əvvəl 3x3 basketbol yarışları “Tokio-2020” Yay Olimpiya Oyunlarının proqramına daxil edilib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bunu Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandr Boriçiç deyib. O, bu ilin martında Avstriyada tarixdə ilk dəfə qış voleybolu üzrə Avropa çempionatının keçirildiyini və həmin yarışların ilk qalibinin Rusiya komandası olduğunu vurğulayıb.
“Rusiya komandasını qazandığı qələbə münasibətilə təbrik edirəm. Təqdirəlayiq haldır ki, artıq voleybolun üç növü mövcuddur: hər komandada 6 voleybolçunun oynadığı klassik növ, ikinəfərlik komandaların çimərlik voleybolu və heyətlərində üç oyunçunun yer aldığı qış voleybolu. 3x3 qış voleybolu üzrə yarışların təşkili ilə bağlı qərar artıq rəsmən təsdiqlənib”, - deyə Boriçiç bildirib.
Məhz 3x3 basketbolunun Olimpiya Oyunlarının proqramına salınması onları bu qərarı qəbuluna sövq etdiyini deyən Boriçiç vurğulayıb: “Biz qış voleybolunun da Qış Olimpiya Oyunlarının proqramına namizəd idman növü kimi daxil edilməsinə nail olmaq istəyirik”.
Qeyd edək ki, Beynəlxalq Voleybol Federasiyası tərəfindən qış voleybolunun 2018-ci ildə Pxençanda keçirilmiş Qış Olimpiya Oyunlarında nümayiş matçı olub. Təqdimat matçında klassik və çimərlik voleybolu üzrə tanınmış ulduzlar, o cümlədən Olimpiya Oyunlarının mükafatçıları, braziliyalı Jiba və serbiyalı Vladimir Qrbiç, üçqat Olimpiya mükafatçısı braziliyalı Emanuel Reqo və digərləri iştirak ediblər.