İQTİSADİYYAT


Qısa müddətdə kirayə mexanizmi ilə bağlı müraciətlərin qəbuluna başlanılacaq

Bakı, 23 yanvar, AZƏRTAC

Hazırda “Elektron ipoteka və kredit zəmanət” sisteminin ipoteka kreditləri ilə bağlı hissəsi tam işlək vəziyyətdədir.

İpoteka və Kredit Zəmanət Fondundan AZƏRTAC-a bildirilib ki, fond ilə müvəkkil təşkilatlar arasında əməliyyatların real rejimdə davam etdirilməsini tam təmin edir. Ən qısa müddət ərzində satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə bağlı müraciətlərin qəbulu prosesinə başlanılacaq.

Yanvarın 22-də satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə müraciətlərin kütləviliyi sistemin işində donma və ləngimələrə gətirib çıxarmış, əksər vətəndaşların müraciətlərin göndərilməsində çətinliklər müşahidə olunmuşdu. Müraciətlərin qəbulu zamanı yaranmış texniki problem bütövlükdə sistemin fəaliyyəti ilə deyil, yalnız vətəndaşların istifadəsinə verilmiş yeni modulla əlaqədar idi. Bununla əlaqədar vətəndaşların müraciətləri üzrə ədalətli növbəliliyin və bərabər imkanların təmin edilməsi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılıb və heç bir müraciət qeydə alınmayıb.

Qeyd edək ki, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyəvermə mexanizmi üzrə yanvarın 22-də başlanmış elektron müraciətlərin qəbulu prosesində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qalıb, “Elektron ipoteka və kredit zəmanət sistemi” (Elektron sistem) üzrə müraciətlərin qəbulunda problemlər yaranıb.

Xatırladaq ki, əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi, müraciətlərin qəbulu və qiymətləndirilməsi prosesində növbəliliyin və şəffaflığın təmin edilməsi, qarşılıqlı təmas və sui-istifadə hallarının qarşısının alınması, sənəd dövriyyəsinin optimallaşdırılması və minimuma endirilməsi, xidmət prosesinin sürətləndirilməsi məqsədilə müvafiq elekton sistem 2013-cü ildən etibarən tətbiq olunur.

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və Nizamnaməsinə uyğun olaraq fondun qarşısına yeni vəzifələrin qoyulması ilə əlaqədar olaraq yeni “Elektron ipoteka və kredit zəmanət” sistemi yaradılıb və ötən il iyunun 19-dan əhalinin və fondun müvəkkil təşkilatlarının (banklar, sığortaçılar və qiymətləndircilər) istifadəsinə verilib.

Elektron sistem müasir texnoloji platforma və bulud texnologiyaları üzərində qurulub və hazırda fondun müxtəlif fəaliyyət istiqamətləri üzrə kifayət qədər geniş və mürəkkəb funksionallığa malik əməliyyatların avtomatlaşmasını təmin edən unikal bir sistemdir. Belə ki, elektron sistem müraciət edən şəxslərin şəxsiyyətini təsdiq edən sənəd, nikah və ailə tərkibi, iş yerini və gəlirlərinə, sosial sığorta ödənişlərinə, vergi öhdəliklərinə, kredit tarixçəsinə və ipoteka qoyulan daşınmaz əmlaka dair məlumatların elektron qaydada əldə edilməsi üçün “Elektron hökumət” portalına inteqrasiya olunub və müvafiq dövlət qurumlarının informasiya sistemlərindən (Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Azərbaycan Kredit Bürosu” MMC, Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti və digər) və ehtiyatlarından tələb olunan məlumatların bu sistemə ötürülməsi imkanı təmin edilib. Nəticədə fondun təqdim etdiyi xidmətlər üzrə ölkə vətəndaşları tərəfindən kağız daşıyıcılarında təqdim edilən sənədlərin sayının minimal həddə çatdırılması və xidmət səviyyəsinin yüksəldilməsi təmin edilib.

Elektron sistem təkcə əhalinin müraciətlərinin qəbulunu və qiymətləndirilməsini deyil, ümumilikdə fond ilə müvəkkil təşkilatlar arasında aparılan maliyyə əməliyyatlarının və rəsmi yazışmaların avtomatlaşdırılmasını da təmin edir. Bununla yanaşı, fondun vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə annuitet, sığorta və ipoteka kreditlərinə verilmiş zəmanət haqlarının ödənişlərinin real rejimdə aparılması üçün Elektron sistem Hökumət Ödəniş Portalı və “ASAN ödəniş” sistemlərinə də inteqrasiya olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.