REGİONLAR
“Qisas” komandası “Xəmsə” milli intellektual oyununun qalibi adını qazanıb
Naxçıvan, 25 iyun, AZƏRTAC
Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar gənclər arasında “Yay kuboku” uğrunda “Xəmsə” milli intellektual oyunu keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Bəlli”, “Şərtli”, “Sirli”, “Fərdi” və “Xəmsə” raundlarından ibarət oyun dörd yarımfinal və final mərhələsindən ibarət olub.
Yarımfinal mərhələlərində ən yüksək xal yığaraq birinci yerə çıxmış komandalar finala vəsiqə qazanıblar. Belə ki, “Turan”, “Diplomat”, “Zirvə” və “Qisas” komandaları finalda mübarizə aparıblar. Sonda “Qisas” komandası qalib adını qazanıb. “Turan” komandası ikinci, “Zirvə” komandası isə üçüncü yeri tutub.
Oyunda qalib gələn komandaya muxtar respublikanın Gənclər və İdman Nazirliyi tərəfindən kubok, digər komandalara isə diplom, fəxri fərmanlar, oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələri təqdim edilib.
İntellektual oyun Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Oyunda muxtar respublikanın rayon və şəhərlərindən olan ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan gənclər olmaqla, ümumilikdə, 70 gənc iştirak edib. İntellektual oyunda iştirak edən komandalar Gənclər və İdman Nazirliyinin “Facebook” sosial şəbəkə hesabında açılmış linkdən qeydiyyatdan keçiblər.