DÜNYA
Qiymə mal əti Amerikanın 6 ştatında qida zəhərlənmələrinə səbəb olub
Vaşinqton, 13 aprel, AZƏRTAC
Qiymə mal əti Amerikanın 6 ştatında qida zəhərlənmələrinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu faktı ABŞ Səhiyyə Nazirliyinin nümayəndələri açıqlayıblar. Onların sözlərinə görə, 6 ştatda 100-dən çox adam qida zəhərlənməsinə məruz qalıb. Ehtimal ki, buna səbəb həmin adamların qiymə mal əti yeməsi olub.
Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzinin məlumatına görə, bu ətin konkret mənbəyi hələlik müəyyən edilməyib.
Mərkəzin rəhbərliyi bildirib ki, istehlakçılar qiymə mal əti yeməkdə davam edə bilərlər, lakin ətin tərkibindəki mikrobların məhv olması üçün ət azı 72 dərəcə temperaturda hazırlanmalıdır.
Zəhərlənmə halları mart ayının birinci yarısında başlanıb. İndiyə qədər 109 nəfər “O103 bağırsaq çöpü” bakteriyası ilə zəhərlənib. Zəhərlənənlər qiymə mal ətini evdə və restoranlarda yediklərini bildiriblər. 17 nəfər xəstəxanaya yerləşdirilib. Ölüm halları qeydə alınmayıb.
Zəhərlənmə hallarının təqribən yarısı Kentukki ştatının payına düşür. Digər hadisələr Corciya, İndiana, Ohayo, Tennessi və Virciniya ştatlarında qeydə alınıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton