İQTİSADİYYAT
Qiymətləndiricilər Cəmiyyəti Beynəlxalq Qiymətləndirmə Standartları Şurasına tamhüquqlu üzv olmaq niyyətindədir
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Beynəlxalq Qiymətləndirmə Standartları Şurasına (BQSŞ) tamhüquqlu üzv olmaq niyyətindədir.
Bu məqsədlə noyabrın 9-10-da Tbilisi şəhərində şuranın “Standartların tətbiqi və üzvlüyün qeydiyyatı üzrə” İdarə Heyətinin üzvü Corc Badesku ilə AQC sədri Nüsrət İbrahimovun rəhbərliyi ilə nümayəndə heyətinin görüşü olacaq.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın BQSŞ-da assosiativ üzvlükdən tamhüquqlu üzvə keçirilməsi ilə bağlı tələblər öyrəniləcək, bu sahədə mövcud vəziyyət və görüləcək işlərlə bağlı məlumat veriləcək.
Qeyd olunub ki, Prezident İlham Əliyevin Fərmanı ilə gələn ildən ölkədə Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqinə başlanılacaq. Büdcə və digər kommersiya qurumlarında Milli Mühasibat Uçotundan Mühasibat Uçotunun Beynəlxalq Standartlarına keçid nəzərdə tutulur ki, bu da özlüyündə aktivlərin qiymətləndirilməsində yeni yanaşmanı zəruri edir.
Tbilisidə noyabrın 9-10-da Corc Badeskunun məruzəçiliyi ilə Gürcüstan və Azərbaycan qiymətləndirici mütəxəssisləri üçün seminar da təşkil ediləcək. Seminar 36 nömrəli Mühasibat Uçotunun Beynəlxalq Standartı “Aktivlərin qiymətdən düşməsi” (IAS 36) və 3 nömrəli Maliyyə Hesabatının Beynəlxalq Standartı “Müəssisələrin birləşməsi” zamanı qiymətləndirmənin həyata keçirilməsi metodikası, bu sahədə beynəlxalq təcrübəyə həsr olunacaq.
Seminarda AQC sədri Nüsrət İbrahimov, İdarə Heyətinin üzvü Ramil Osmanlı və digərləri iştirak edəcək. Seminar çərçivəsində Azərbaycanın qiymətləndirici ekspertlərinə Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının sertifikatları təqdim ediləcək.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Gürcüstan Müstəqil Qiymətləndirmə Cəmiyyətinin İdarə Heyəti ilə görüşləri keçiriləcək, ikitərəfli əməkdaşlığın genişləndirilməsi, birgə maraqlar çərçivəsində layihələrin icrası ilə bağlı müzakirələr aparılacaq.