CƏMİYYƏT
Qiymətləri tənzimlənən dərman vasitələrinin sayı 9 min 850-yə çatıb
Bakı, 4 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. Avqustun 4-də Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və daha 219 dərman vasitəsinin qiyməti təsdiqlənib.
Tarif (qiymət) Şurasının Katibliyindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə, Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qeydiyyatda olan 9 min 850 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib. Bunlardan 7 min 347 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır, digər 2 min 503 dərman vasitəsinin yeni qiymətləri isə bu ilin sentyabr ayının 1-dən qüvvəyə minəcək. Beləliklə, bu il sentyabrın 1-dən etibarən qiymətləri təsdiq edilməyən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilə bilər.
Bununla da, bir il əvvəl başlanan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi intensiv şəkildə davam etdirilərək, Tarif (qiymət) Şurasının 10 iclası keçirilib, idxal dəyəri ilə ifadədə 44 faiz dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 25 faizinin qiyməti 3 dəfədən çox, ümumilikdə 90 faizdən çoxunun qiyməti endirilib.
Qərarlar və dərman vasitələrinin siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Şuranın qərarları" və "Dərman vasitələri" bölmələrində yerləşdirilib (keçid: http://tariff.gov.az/documents/DVA.pdf).