Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Beynəlxalq Valyuta Fondu arasında gələcəkdə əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunmuşdur
AzerTAg.az
Bakı, 6 mart (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının üzvləri ilə görüş keçirilmişdir.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, görüşdə QKDK-nın sədri Rüfət Aslanlı Azərbaycanın qiymətli kağızlar bazarının inkişaf meylləri, o cümlədən son illərdə bu istiqamətdə aparılmış islahatlar barədə ətraflı məlumat vermişdir.
R.Aslanlı qiymətli kağızlar bazarının inkişafı üçün böyük əhəmiyyət kəsb edən Listinq məsləhət proqramının yaxın müddətdə fəaliyyətə başlayacağını və formalaşmaqda olan kapital bazarları üzrə ixtisaslaşmış təlim mərkəzi çərçivəsində treninq, təlim və məsləhət xidmətlərinin göstərilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir.
Görüşdə BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi ölkəmizə səfəri çərçivəsində komitə ilə məsləhətləşmələrin aparıldığını və beynəlxalq təşkilat tərəfindən təklif edilən tövsiyələr əsasında qiymətli kağızlar bazarına dair yeni əməkdaşlıq imkanlarının müəyyən edildiyini diqqətə çatdırmışdır. Missiya rəhbəri Azərbaycanın qiymətli kağızlar bazarında aparılan islahatlardan məmnunluğunu ifadə etmişdir.
Sonra QKDK ilə Beynəlxalq Valyuta Fondu arasında gələcəkdə əlaqələrin daha da genişləndirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var