Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur
AzerTAg.az
Bakı, 7 aprel (AZƏRTAC). Aprelin 7-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Dünya Bankı missiyasının rəhbəri Lyuis Haukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, görüşdə QKDK Aparatının rəhbəri Bəxtiyar Əzizov Azərbaycan qiymətli kağızlar bazarının mövcud vəziyyəti və inkişaf meylləri barəsində məlumat vermişdir. Dünya Bankı ilə mövcud işgüzar münasibətlər müsbət qiymətləndirilmiş, bu əlaqələrdən məmnunluq ifadə olunmuşdur. Həyata keçirilən birgə layihələrin uğurlu nəticələri görüş iştirakçılarının diqqətinə çatdırmışdır.
Dünya Bankının missiyasının rəhbəri və dövlət sektoru üzrə baş mütəxəssisi Lyuis Hauk son illər Azərbaycan iqtisadiyyatında sürətli artım dinamikasının müşahidə olunduğunu vurğulamışdır. L.Hauk QKDK-nın dövlət xərcləmələri və maliyyə hesabatlılığının qiymətləndirilməsi proseslərində iştirakı məqsədi ilə təşkil olunmuş görüşün mühüm əhəmiyyət daşıdığını və aparılan məsləhətləşmələrdən müsbət nəticələr əldə ediləcəyinə əminliyini bildirmişdir.
Görüşdə əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var