Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə MONEYVAL arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunmuşdur
AzerTAg.az
Bakı, 17 fevral (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Avropa Şurasının pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə ekspertlər komitəsinin (MONEYVAL) qiymətləndirmə missiyası ilə görüş keçirilmişdir.
QKDK-nın ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, missiyanın məqsədi MONEYVAL-ın daxili prosedur qaydalarına uyğun olaraq Azərbaycanda maliyyə sisteminin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi (PY/TMM) risklərinə qarşı həssaslığını beynəlxalq standartlar əsasında qiymətləndirməkdən ibarətdir.
Görüşdə çıxış edən QKDK sədri Rüfət Aslanlı Azərbaycan hökumətinin MONEYVAL ilə əlaqələrə xüsusi önəm verdiyini və mövcud məhsuldar əməkdaşlıq çərçivəsində ölkədə PY/TMM sisteminin beynəlxalq standartlara uyğun qurulması istiqamətində islahat gündəliyinin hazırlanaraq uğurla icra edildiyini diqqətə çatdırmışdır. R.Aslanlı 2008-ci ildə həyata keçirilmiş son qiymətləndirmədən sonra müvafiq sahə üzrə effektiv hüquqi normativ bazanın yaradılması, institusional potensialın artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülmüş işlər barədə görüş iştirakçılarına ətraflı məlumat vermişdir.
Missiyanın rəhbəri Con Beyker Azərbaycan ilə MONEYVAL arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edərək son illərdə ölkədə PY/TMM sahəsində həyata keçirilmiş əhəmiyyətli hüquqi və institusional quruculuq işlərini yaxından izlədiyini vurğulamışdır. O, hazırkı qiymətləndirmə çərçivəsində əsas diqqətin mövcud PY/TMM sisteminin effektiv tətbiqi mexanizmlərinə yetiriləcəyini bildirmişdir.
Sonda qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində ətraflı müzakirələr aparılmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var