İQTİSADİYYAT
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilmişdir
Bakı, 30 oktyabr (AZƏRTAC). Oktyabrın 30-da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının cari dövrədək Tədbirlər Planının icra vəziyyətinin qiymətləndirilməsinə dair geniş tərkibdə kollegiya iclası keçirilmişdir.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, iclasda QKDK-nın sədri Rüfət Aslanlı Dövlət Proqramının ölkədə müasir bazar infrastrukturunun formalaşmasında əhəmiyyətini xüsusi vurğulayaraq, qiymətli kağızlar bazarında kifayət qədər köklü yeniliklərə imza atıldığını bildirmişdir.
İclasın davamında Dövlət Proqramının Tədbirlər Planının icra vəziyyətinin qiymətləndirilməsinə dair təqdimat olunduqdan sonra proqram çərçivəsində gələcəkdə nəzərdə tutulmuş tədbirlərin icra mexanizmləri ilə bağlı geniş müzakirələr aparılmışdır.
Sonda QKDK-nın sədri Dövlət Proqramının 2014-2015-ci illər üzrə Tədbirlər Planının hazırlanması, növbəti müddət ərzində aidiyyəti dövlət orqanlarının iştirakı ilə yaradılmış Əlaqələndirmə Qrupunun fəaliyyətində səmərəliliyin artırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir.