İQTİSADİYYAT
Qiymətli kağızlar bazarının inkişafına dair Dövlət Proqramının 2014-2015-ci illər üzrə Tədbirlər Planı müzakirə olunmuşdur
Bakı, 24 dekabr (AZƏRTAC). Dekabrın 24-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı 2014-2015-ci illər üzrə Tədbirlər Planının müzakirəsinə həsr olunmuş iclas keçirilmişdir.
QKDK-nın ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, komitənin sədri Rüfət Aslanlı Dövlət Proqramının ölkənin qiymətli kağızlar bazarının yeni institusional mühitin formalaşdırılmasına hədəfləndiyini bildirərək, 2011-2013-cü illər üzrə Tədbirlər Planının uğurla tamamlandığını iclas iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonra proqram çərçivəsində növbəti dövr üzrə nəzərdə tutulmuş tədbirlərin icra mexanizmləri barədə geniş müzakirələr aparılmışdır. Komitə sədri Dövlət Proqramının 2014-2015-cü illər üzrə səmərəli icrasını təmin etmək məqsədilə nəzərdə tutulan istiqamətlərdə tədbirlərin həyata keçirilməsinə dair müvafiq tapşırıqlar vermişdir.