İQTİSADİYYAT
Qiymətli kağızların vahid depozitar sisteminin yaradılması prosesinə başlanılmışdır
Bakı, 9 sentyabr (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Dünya Bankının kapital bazarlarının modernləşdirilməsi layihəsi çərçivəsində beynəlxalq ekspertizadan yararlanaraq dövlət və korporativ qiymətli kağızların vahid depozitar sisteminin yaradılması, qiymətli kağızlarla klirinq-hesablaşma proseslərinin sadələşdirilməsi və optimallaşdırılması istiqamətində tədbirlər planı hazırlamışdır.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, tədbirlər planı qiymətli kağızlar bazarının post-ticarət infrastrukturunun tam inteqrasiya edilərək avtomatlaşdırılması, qiymətli kağızlarla aparılan əməliyyatların səmərəliliyinin artırılması, post-ticarət sistemlərinin dayanıqlığını və sistem risklərinin minimuma endirilməsini təmin edəcəkdir.
Bu istiqamətdə ilkin addım olaraq bu ilin sentyabr ayından dövlət qiymətli kağızlarının depozitar funksiyasının, eləcə də qiymətli kağızlarla əməliyyatların klirinq və hesablaşma funksiyalarının Bakı Fond Birjasından (BFB) Milli Depozit Mərkəzinə (MDM) keçidinə başlanmışdır. Belə ki, QKDK mərkəzə klirinq fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi lisenziya vermiş, qiymətli kağızlar üzrə klirinq və hesablaşmaların həyata keçirilməsi, eləcə də dövlət qiymətli kağızlarının saxlanılmasının BFB-dən MDM-ə ötürülməsi istiqamətində hüquqi, texniki və təşkilati tədbirlər tamamlanmışdır.