İQTİSADİYYAT
Qiymətli kağızlarla mütəşəkkil bazarda bağlanmış əqdlər üzrə yeni hesablaşma sisteminin tətbiqinə başlanılmışdır
Bakı, 8 iyul (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin dəstəyi ilə Milli Depozit Mərkəzində qiymətli kağızlarla mütəşəkkil bazarda bağlanmış əqdlər üzrə yeni hesablaşma sisteminin tətbiqinə başlanılmışdır. Bu sistemin tətbiqi Azərbaycan Prezidentinin 2011-ci il 16 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı çərçivəsində qiymətli kağızlar bazarının institusional inkişafı istiqaməti üzrə ticarətin səmərəliliyinin artırılması və risklərin azaldılması məqsədi daşıyır.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, yeni hesablaşma sisteminə əsasən dövlət qiymətli kağızları ilə ilkin bazar əqdləri və REPO əməliyyatları ticarətdən əvvəl qiymətli kağızların və pul vəsaitlərin bloklaşdırılması əsasında T (ticarət günü) zamanında aparılacaqdır. Eyni zamanda hesablaşmaların korporativ qiymətli kağızlarla ilkin bazar və təkrar bazar əqdləri üzrə qiymətli kağızların ticarətdən əvvəl bloklaşdırılması, qiymətli kağızların və pul vəsaitlərinin T+1 (əlavə bir iş günü) zamanında təchiz edilməsi şərtilə aparılması nəzərdə tutulur.
Yeni prinsiplərin tətbiqi qiymətli kağızlar bazarında hesablaşmaların təkmilləşdirilməsinə, beynəlxalq standartlara uyğunlaşdırılmasına, əqdlərin həcminin artmasına, bazara yeni xarici və yerli investorların cəlb olunmasına şərait yaradacaqdır.