CƏMİYYƏT
Qız övladlarının dəyərinin təşviqi və məsuliyyətli atalıq mövzusunda “Ailə Festivalı” keçirilib
Bakı, 17 may, AZƏRTAC
Mayın 17-də Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” və “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramlarının komponenti olaraq BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə icra olunan “Qız övladının dəyərinin artırılmasına xüsusi diqqət yetirməklə ailədə bərabər qayğı modelinin təşviqi” kampaniyası çərçivəsində Beynəlxalq Ailə Gününə həsr edilmiş “Ailə Festivalı” keçirilib.
AZƏRTAC xəbər verir ki, BMT-nin Əhali Fondu, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı, “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçirilən festivalın əsas məqsədi oğlanlara üstünlük verilməsi fenomeninin qarşısının alınması, qız övladının dəyərinin təbliği və ailədə bərabər qayğı modelinin təbliğinə xüsusi diqqət yetirməklə gender stereotipləri ilə mübarizəyə töhfə verməkdən ibarət olub.
Festivalda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, BMT-nin Əhali Fondunun rəhbəri Fərid Babayev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin üzvü Viktor Boşkov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Əliyev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Leyla Tağıyeva çıxış ediblər.
Çıxışlar zamanı Azərbaycanda gender siyasəti sahəsində görülən işlər, sözügedən kampaniyanın məqsədi və gözlənilən müsbət nəticələr barədə ətraflı məlumat festival iştirakçılarının diqqətinə çatdırılıb.
Festivalda regionlardan və Bakı şəhərindən iştirak edən ailələr gender stereotiplərinin qırılmasına yönəlmiş müxtəlif səhnə, mahnı və rəqs ifalarını izləyiblər. “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən təqdim edilən “Qız övladlarının dəyərli olduğu sağlam ailələr naminə” şüarı ilə rəqs performansı atalar və övladlarının da iştirakı ilə daha geniş miqyas alaraq festival iştirakçılarının marağına səbəb olub. Həmçinin festivala gələn ailələrin iştirakı ilə qız övladının dəyərinin və ailədə bərabər qayğı modelinin təbliğinə yönəlmiş müxtəlif hədiyyəli yarışlar keçirilib.
Festivalda iştirak edən ailələr üçün məsuliyyətli valideynlik və bərabər qayğı modelini təşviq edən, maraqlı, əyləncəli fəaliyyətləri özündə birləşdirən zonalar təşkil edilib. Zonalar üzrə tərtib olunmuş fəaliyyətlər ailədə ataların övlada qayğı göstərilməsində, gündəlik məişət qayğılarının icra edilməsində həyat yoldaşları ilə birgə iştirakını təşviq etməklə yanaşı, uşaqların valideynləri ilə birgə səmərəli və əyləncəli vaxt keçirməsinə imkan yaradıb.