CƏMİYYƏT
Qız uşaqlarının dəyərinin təşviqində medianın roluna həsr edilmiş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də “Hyatt Regency” otelində Niderland Krallığının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində media nümayəndələri arasında “Qız uşaqlarının dəyərinin təşviqi üçün ictimai məlumatlılığın artırılmasında medianın rolu” mövzusunda keçirilən yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə layihə və onun gedişatı haqqında tədbir iştirakçılarına məlumat verilib. Bildirilib ki, yazı müsabiqəsindən əvvəl keçirilən təlimlərdə 19 media nümayəndəsi iştirak edib və onların hər biri müsabiqəyə qatılıb. Tədbirdə çıxış edən BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev ölkəmizdə gender bərabərliyinin pozulmasını təəssüf hiss ilə qeyd edərək bildirib ki, bu proses ölkəmizdə 1990-cı ildən sonra qeydə alınmağa başlayıb. Layihənin təbliğat və təşviqatının əhəmiyyətindən, gender bərabərsizliyi ilə mübarizədə görülən işlərdən danışan baş müşavir kütləvi informasiya vasitələrinin cinsi ayrı-seçkiliyin qarşısının alınmasında rolunu xüsusi vurğulayıb.
Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kervers çıxış edərək Azərbaycanla Niderland arasındakı diplomatik münasibətlərin qurulmasından 25 illin keçdiyini, hər iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən ekstremizmlə mübarizədə birgə addımların atıldığını qeyd edib. Layihə çərçivəsində həyata keçirilən tədbirlərdən bəhs edən səfir cinsi nisbətin pozulmasının aradan qaldırılmasında, cəmiyyətin maarifləndirilməsində, ictimai məlumatlılığının artırılmasında, əhalinin bütün təbəqələri arasında təbliğatın səmərəli nəticə verməsində medianın vasitəçiliyinin danılmaz olduğunu bildirib. Səfir sonda layihə və müsabiqə iştirakçılarına öz minnətdarlığını bildirib.
Sonra bölgələrdə olan gənclər təşkilatının üzvlərinin, fəal gənclərin kişilər və gələcək ailə başçıları arasında layihə çərçivəsində keçirdikləri maarifləndirmə kampaniyaları və digər təbliğat aksiyaları ilə bağlı videoçarxlar nümayiş etdirilib.
Sonda isə yazı müsabiqəsində ilk üç yeri tutan media nümayəndələrinə sertifikatlar və pul mükafatları təqdim edilib. Bundan əlavə, müsabiqənin digər iştirakçıları isə həvəsləndirici sertifikatlarla təltif edilib.