CƏMİYYƏT
Qızıl Aypara Cəmiyyətinin əməkdaşları zəlzələ bölgəsində olublar
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları zəlzələ bölgəsində olublar. Bu barədə AZƏRTAC-a Cəmiyyətin mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Əsasən dağıntılar Şamaxı rayonunda qeydə alınıb. Fevralın 6-da yerli vaxtla saat 02:34-də Pirqulu stansiyasından 8 kilometr cənub-qərbdə - İsmayıllı rayonu ərazisində 3 bal gücündə zəlzələ baş verib. Daha bir yeraltı təkan yerli vaxtla saat 04:25-də qeydə alınıb. Hadisə nəticəsində xəsarət alanlara təcili tibbi yardım göstərilib və onlar evə buraxılıb, insan tələfatı qeydə alınmayıb.