ELM VƏ TƏHSİL
“Qızıl adam” Bakıda... VİDEO
Bakı, 22 may, AZƏRTAC
Mayın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) “Qızıl adamın dünya muzeylərinə səyahəti” beynəlxalq sərgi layihəsi çərçivəsində “Böyük çölün mirası: zərgərlik sənətinin şah əsərləri” mövzusunda sərginın açılışı olub.
Tədbir MATM ilə Qazaxıstan Respublikası Milli Muzeyi tərəfindən reallaşdırılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində MATM-ın direktoru, akademik Nailə Vəlixanlı ölkələrimiz arasındakı elmi, mədəni əlaqələrin əhəmiyyətindən danışıb, təşkil olunan sərgi ilə bağlı fikirlərini bildirib.
Qazaxıstan Respublikası Milli Muzeyi direktorunun müavini Abay Satubaldin təmsil etdiyi qurumun fəaliyyəti, nadir eksponatları, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.
Akademik Şahin Mustafayev, qazaxıstanlı professor Zeynolla Samaşev elmi əlaqələrin genişləndirilməsinin önəmli məsələ olduğunu söyləyiblər.
Eyni zamanda, “Qızıl adamın dünya muzeylərinə səyahəti” beynəlxalq sərgi layihəsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Sonra tədbir iştirakçıları sərgi il tanış olublar.
Sərgidə ilk dəfə Azərbaycana gətirilmiş Qazaxıstan zərgərlik sənətinin 140-dək nümunəsi, o cümlədən “Qızıl adam”ın tam geyimi nümayiş etdirilir.
Məşhur “Qızıl adam” Qazaxıstanın tarixi rəmzlərindən biri olub, qızıldan hazırlanan paltar geymiş sak döyüşçüsünün simvoludur.
İyulun 1-dək davam edəcək sərgidə Qazaxıstan Respublikasının Milli Muzeyində saxlanılan gümüş qadın bəzəklərinin kolleksiyası da təqdim olunur.