CƏMİYYƏT
Qızıl dükanından oğurluq edən şəxs cinayət məsuliyyətinə cəlb olunub VİDEO
Bakı, 8 noyabr, AZƏRTAC
Səbail rayonundakı ticarət mərkəzlərindən birində qızıl dükanından oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, zərərçəkən sahibkar polisə müraciət edərək dəyəri iki min manat olan üzüyün naməlum şəraitdə oğurlandığını bildirib.
Hadisəni törədən, əvvəllər məhkum olunmuş paytaxt sakini Elvin Məmmədzadə Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edərək oğurladığı üzüyü metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında satdığını bildirib.
E.Məmmədzadənin obyektdən oğurluq etməsi mağazanın müşahidə kameraları vasitəsilə lentə alınıb.
Onun barəsində 39-cu polis bölməsində toplanan materiallar araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsində göndərilib.
Həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa Səbail Rayon Polis İdarəsinə və ya 39-cu polis bölməsinə müraciət edə bilərlər.