CƏMİYYƏT
Qızılağac Milli Parkında balıq ovu ilə qanunsuz məşğul olan şəxs saxlanılıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Qızılağac Milli Parkında balıq ovu ilə qanunsuz məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları Qızılağac Milli Parkının əməkdaşları ilə birgə ovçuluq və balıqçılıqla qanunsuz məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti əməliyyat tədbiri keçiriblər.
Tədbir zamanı Lənkəran rayonunun Liman şəhəri istiqamətində Qızılağac Milli Parkının kiçik su sahəsində balıq ovu ilə qanunsuz məşğul olan Liman şəhər sakini R.Zərbiyev yaxalanıb.
Qurduğu torlar vasitəsilə qanunsuz balıq ovlayan həmin şəxsdən ov zamanı istifadə etdiyi mühərrikli qayıq, iki tor və tutduğu balıqlar aşkarlanaraq götürülüb. R.Zərbiyevin təbiətə 1056 manat dəyərində maddi ziyan vurduğu müəyyənləşdirilib.
Faktla bağlı təhqiqat aparılır.