CƏMİYYƏT


Qızılcadan qorunmağın ən yaxşı yolu profilaktik peyvəndlərinin vaxtında edilməsidir

Bakı, 20 noyabr, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər yüz qızılca xəstəsindən ən azı birində ölüm və ya ağırlaşma halı qeydə alınır. Eyni zamanda, qızılcanın COVID-19, Ebola virusu və qripdən daha yoluxucu olduğu bildirilir.

Koronavirusun simptomlarına bənzəyən yüksək hərarət, boğaz ağrısı və titrəmə qızılcanın əsas əlamətləridir və əsasən bədəndə yaranan qızartılarla fərqlənir. Ancaq bu səpgilər dörd-beş gündən sonra üzə çıxır. Hazırda daha çox COVID-19 infeksiyasına baş qarışsa da, qızılca payız-qış aylarında daha çox aktivləşir.

Bakıdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova AZƏRTAC-a deyib: “Çoxları qızılcanı zərərsiz uşaq xəstəliyi hesab etsə də, əslində bir çox ağırlaşmalara səbəb ola bilər. Qızılcadan qorunmağın ən yaxşı yolu uşaqların profilaktik peyvəndlərinin vaxtında edilməsidir. Əks təqdirdə onun yoluxması, ağırlaşmaları və COVID-19-un tüğyan etdiyi indiki vaxtda onunla eyni vaxta düşərək ağır nəticələr verə bilər”.

Həkim-pediatrın dediyinə görə, ən pisi isə qızılcanın yoluxucu olmasıdır. Xəstənin yaxınlığında olanların ona yoluxma ehtimalı çox yüksəkdir, hətta peyvənd olunan böyüklər də qızılca virusuna yoluxa bilərlər. Sadəcə peyvənd edilənlər bu xəstəliyi başqalarına nisbətən yüngül keçirirlər.

“Qızılcaya qarşı peyvəndin edilməsi 1 və 6 yaşda yetərli hesab edilir. Lakin kütləvi epidemiyalar baş verəndə tur-peyvəndlər aparılır və bu zaman müəyyən yaşda olanların da əvvəllər peyvənd edilməsinə baxmayaraq onlara yenidən peyvənd vurulması zəruri hesab edilir. Çünki elə hallar olur ki, əvvəllər peyvənd alanların da müəyyən dövrdən sonra xəstəliyə qarşı immuniteti zəifləyir. Xəstəliyi keçirənlərin isə yenidən yoluxma riski çox az olur, çünki onların orqanizmində bu infeksiyaya ömürlük immunitet formalaşmış olur”,- deyə həkim-pediatr əlavə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.