CƏMİYYƏT
Qızılı kartof nematodunun risk təhlili həyata keçirilib
Bakı, 3 may, AZƏRTAC
Dünyanın bir çox bölgəsində mövcud olan qızılı kartof nematodu kartofun ən əsas zərərvericisi hesab edilir. Həmin zərərverici Avropa İttifaqı tərəfindən kartof xəstəlikləri və zərərvericiləri üzrə qaydalar dərc edilən və ciddi şəkildə nəzarət altında olan beş zərərli orqanizmdən biridir. Bu zərərverici həm mülayim iqlim qurşağında yerləşən ölkələrdə, həm də tropik ölkələrin nisbətən mülayim iqlimli bölgələrində əsasən kartof bitkisi ilə yayılan zərərvericidir.
Qızılı kartof nematodunun yayılmasına nəzarət və ona qarşı effektiv mübarizə tədbirləri aparmaq məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən risk təhlilləri həyata keçirilib.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, risk təhlili ölkədaxili və beynəlxalq ticarətdə karantin qaydalarına uyğun olaraq, zərərvericidən azad əkin materialından istifadə edilmiş kök yumruları məhsuldar sahələrə köçürüləndən bitkinin vegetasiyasının sonuna qədər nəticələr təhlil edilib. Həmçinin mütəxəssislər tərəfindən Gəncədə, Bərdə, Tovuz və Şəmkir rayonlarında təsərrüfatlardan toxumluq və əkin üçün nəzərdə tutulan kartoflardan nümunələr götürülərək analizlərin aparılması üçün laboratoriyaya təqdim olunub. Analizlər nəticəsində qızılı kartof nematodu aşkar edilməyib.
Hazırda Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən təsərrüfatlarda mütəmadi olaraq monitorinqlər həyata keçirilir və sahibkarlıq subyektlərinə lazımi metodiki dəstək göstərilir.