ELM VƏ TƏHSİL


Qızıltəpə abidəsində eramızdan əvvəl I minilliyə aid material aşkar olunub

Bakı, 11 aprel, AZƏRTAC

Bu ilin mart-aprel aylarında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayevin rəhbərlik etdiyi arxeoloji ekspedisiya İmişli rayonunun Qızılkənd inzibati ərazi vahidində yerləşən Qızıltəpə abidəsində arxeoloji tədqiqat işləri aparılıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədqiqatlar nəticəsində Qızıltəpə abidəsinin müdafiə xarakterli və ciddi qorunan bir qala olduğu müəyyən edilib. İki hissədən ibarət olan Qızıltəpə abidəsi 5 hektardan çox ərazini əhatə edir. Hündürlüyü 17 metrə yaxın olan tarixi abidədən ətrafı çox yaxşı müşahidə etmək mümkündür. Bu yerin bir özəlliyi də ondan ibarətdir ki, qala tamamilə su hövzəsi ilə əhatə olunub. Builki tədqiqatlar çərçivəsində abidədə stratiqrafiyanı öyrənmək üçün 23 metr uzunluğunda, 1 metr enində şurf qazılıb. Hər 2 metr dərinlikdən təbəqələrin planı çəkilərək öyrənilib.

Arxeoloji qazıntı zamanı sahənin cənub istiqamətində çiy kərpicdən tikilmiş eni 55 santimetr olan divar qatı, daha sonra qərb istiqamətində də paralel olaraq digər çiy kərpicdən hörülmüş divar, yaxşı vəziyyətdə olan təndir kürəsi aşkar olunub. Divar qatları çox səliqəli düzümlə inşa edilib, araları gil məhlul ilə doldurulub. Qazıntı sahəsində üstündə rəngli naxışlar olan, şirli və şirsiz, həmçinin əl işləri ilə döymələr vurulan bir çox məişət əşyaları, şüşə qab fraqmentləri, sümük alətlər, mis sikkələr tapılıb.

Ekspedisiya rəhbəri Mikayıl Mustafayev deyib ki, qazıntının ilk mərhələsindən tapılan maddi mədəniyyət nümunələri abidənin orta əsrlərə aid olduğunu göstərsə də, stratiqrafik şurfdan dəmir dövrü, yəni eramızdan əvvəl I minilliyə aid material da aşkar olunub. Qızıltəpə abidəsi son zamanlarda arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılmış qala, kompleks yaşayış yeri və ümumiyyətlə, ən unikal abidələrdən biridir. Burada mütəmadi qazıntı işlərinin aparılması elmi baxımdan olduqca əhəmiyyətlidir. Növbəti tədqiqatlar bölgənin tarixinin qaranlıq məqamlarına aydınlıq gətirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.