REGİONLAR
Qızlar erkən yaşlarında ailə qurmağa fiziki və mənəvi cəhətdən hazır olmurlar
AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi erkən nikah hallarının yaratdığı fəsadlar haqqında gəncləri məlumatlandırmaq, rayonda belə halların qarşısını almaqdan ibarət olub.
Maarifləndirici tədbirdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov bildirib ki, qızların erkən yaşda ərə verilməsinə, erkən nikahların bağlanmasına daha çox valideynlər səbəb olur. Belə nikahlar çox nadir hallarda qızlarla oğlanların öz təşəbbüsü ilə baş tutur. Bu səbəbdən də cəmiyyətdə erkən nikahlarla bağlı maarifləndirmə və təbliğat və təşviqat işlərinə ciddi ehtiyac vardır.
Rayon mərkəzi xəstəxanasının həkim-ginekoloqu Pərvanə Bağırova qeyd edib ki, qızlar erkən yaşlarında ailə qurmağa fiziki və mənəvi cəhətdən hazır olmurlar. Bu isə bir çox hallarda doğuş zamanı uşaqların və gənc anaların ölüm riskini artırır.
Tədbirdə bildirilib ki, erkən nikahların səbəblərindən biri də savadsızlıqdır. Erkən nikah bağlayan qızlar çox vaxt orta məktəbi tam bitirmirlər. Bu isə qadınların şəxsi inkişafına mənfi təsir göstərir və onların cəmiyyətdən təcrid olunmasına gətirib çıxarır.
Sonda tədbir iştirakçılarına müzakirə olunan mövzu ilə bağlı bukletlər paylanılıb.