CƏMİYYƏT
“Qızların peşə seçiminə hazırlıq” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Bakı, 22 may, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA), Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi “Qızların peşə seçiminə hazırlıq” mövzusunda birgə onlayn maarifləndirmə tədbiri keçirib.
AQSİA-dan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə 1 və 2 saylı Uşaq Evləri, SOS Uşaq kəndlərinin yuxarı sinif şagirdləri iştirak edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycanda peşə təhsili və təlimi sisteminin zəngin tarixə malik olduğunu bildirib, ölkəmizdə bu sahədə inkişafın təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərdən, qəbul edilmiş dövlət proqramlarından danışıb. O, peşə təhsilinin gənclərin inkişafında əhəmiyyətli rolunu vurğulayıb.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin müdir müavini Nigar İsmayılzadə çıxış ediblər. S.Babayeva vurğulayıb ki, peşə sahibi olmaq istəyən gənclər üçün assosiasiyada müxtəlif biznes sahələrində rəhbərlik edən xanımlar da təcrübə dəstəyi göstərməyə hazırdır.
Sonda Dövlət Komitəsi tərəfindən tədbirdən öncə şagirdlər arasında aparılmış peşə seçimi ilə bağlı sorğu ətrafında müzakirələr olub.