CƏMİYYƏT
Qlaukoma illərlə inkişaf etsə də, çox hallarda ilk mərhələlərdə özünü büruzə vermir


Bakı, 7 iyun, AZƏRTAC
Xalq arasında “qara su” və ya “göz təzyiqinin yüksəlməsi” kimi adlandırılan qlaukoma xəstəliyi geridönməz korluqla nəticələnən xəstəliklər arasında ikinci yeri tutur. Hazırda dünyada təxminən 80 milyondan çox insan qlaukoma xəstəliyindən əziyyət çəkir və bu sayın 2040-cı ildə 111,8 milyona çatacağı ehtimal edilir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin WET-LAB şöbəsinin müdiri Mətanət Əfəndiyeva AZƏRTAC-a bildirib ki, “qlaukoma” termini qlaukoma sindromu ilə keçən bir çox xəstəliklər qrupunu birləşdirir. Bu sindroma gözdaxili təzyiqin artması və görmə sinirinin ekskavasiyası ilə atrofiyası və görmə funksiyalarının, ilk növbədə görmə sahəsinin xarakterik dəyişiklikləri ilə gedən optik neyropatiyalar aiddir. Qlaukoma optik neyropatiyanın bir növü kimi görmə sinirində spesifik dəyişikliklərin yaranmasına, son nəticədə görmə sinirinin atrofiyasına səbəb olur.
Qlaukomanı hiyləgər xəstəlik adlandıran həkim, bildirib ki, bu xəstəlik illərlə inkişaf etsə də, çox hallarda ilk mərhələlərdə özünü büruzə vermir. İnsan tədricən kor olmasını heç hiss etmir, “əhəmiyyətsiz” əlamətləri isə (gözdə yad cisim hissiyatı, yaşaxma, göz önündə duman, işığa (lampaya) baxdıqda rəngli halqaların görünməsi, arabir olan gözətrafı və ya baş ağrısı, tez-tez eynəklərin dəyişməsi) yaşlanma və yaxud yorğunluğu ilə izah edir.
Mətanət Əfəndiyevanın sözlərinə görə qlaukoma daha çox genetik olaraq ailəsində qlaukoma xəstəliyi olan şəxslərdə, yaşı 40-dan yuxarı olanlarda, refraksion qüsurları (miopiya, hipermetropiya) olan şəxslərdə və göz travmalarından sonra rast gəlinir.