SİYASƏT


Qlobal Bakı Forumu ərəb mediasının diqqət mərkəzindədir

Bakı, 10 mart, AZƏRTAC

Ərəb ölkələrinin qəzet və portallarında Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu haqqında xəbər və məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, Misirin “Cairo24” informasiya portalı və “Əl Vətən” qəzetində dərc olunmuş Qlobal Bakı Forumunun açılış mərasimi haqqında xəbərlərdə Prezident İlham Əliyevin çıxışından əsas məqamlar təqdim edilib. Misir ictimaiyyətinin diqqətinə çatdırılıb ki, bu mötəbər tədbirdə 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir. Forumun proqramı Yaxın Şərq, Afrika və Qərbi Balkanlar, həmçinin dünya gündəliyinin aktual məsələlərinin ehtiva edir. Materiallarda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rolu, Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyası dövründə səmərəli fəaliyyəti, Cənubi Qafqaz regionunda və bütün dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfə, bərpa olunan enerji üzrə həyata keçirilən layihələrdən ətraflı bəhs edib.

“Al-Ain” qəzetində isə “Nüvə təhlükəsizliyi və dünyada münaqişələr Qlobal Bakı Forumunda müzakirə edilir” sərlövhəli məqalə dərc edilib. Oxucuların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberq və İsmail Serageldin, həmçinin Mərkəzin İdarə Heyətinin üzvləri ilə görüşündə qlobal və regional təhlükəsizlik, o cümlədən enerji təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bu aktual mövzular Forumun panel iclaslarında da geniş müzakirə edilib.

Əlcəzairin “Əl Hərir” portalında yerləşdirilən silsilə materiallarda Prezident İlham Əliyevin X Qlobal Bakı Forumunda çıxışından əsas məqamlar və panel iclasları haqqında ətraflı məlumat yerləşdirilib. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, “Çoxtərəfliliyin yenidən kəşfi: qoşulmamanın yeni dövrü?” mövzusunda keçirilən panel iclasında Ukrayna müharibəsi ilə bağlı dünyada yaranmış vəziyyət, BMT-nin fəaliyyəti və bu çərçivədə islahatların zəruriliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. “Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi; qida təhlükəsizliyi; nüvə təhlükəsizliyi” mövzusunda panel iclasında isə COVID-19 pandemiyasının Asiya və Afrika ölkələrinə mənfi təsiri, iqlim dəyişikliyi və qida təhlükəsizliyi kimi mühüm məsələlər müzakirə olunub. Materiallarda vurğulanıb ki, natiqlər Qlobal Bakı Forumunun ildən-ilə artan nüfuzu və əhəmiyyətini qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.