CƏMİYYƏT


Qlobal Ekoloji Fond qızıl mədənlərində yeni təhlükəsizlik texnologiyalarından istifadə olunmasını təklif edir

Bakı, 19 fevral, AZƏRTAC

Dünyada milyonlarla insan civənin toksik təsirinə məruz qalır. Bu maddə qızılın hasilatı zamanı istifadə olunur. Prosesin modernləşdirilməsi üzrə təcili tədbirlərin görülməsi və kustar üsulla qızıl hasilatında yeni texnologiyaların tətbiqinə 180 milyon dollar tələb olunur.

Bu məlumat ətraf mühitin mühafizəsi mexanizmini maliyyələşdirən Qlobal Ekoloji Fond tərəfindən yayılıb. Bir çox layihələr BMT-nin xüsusiləşdirilmiş təşkilatları ilə əməkdaşlıq şəraitində, o cümlədən BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə birgə həyata keçirilir.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Fondun rəhbəri Qustavo Fonseka hazırda dünyada nişan üzüklərindən tutmuş smartfonlara qədər bütün məhsulların istehsalında qızıldan istifadə olunduğunu qeyd edib. Ekspertlər bu qiymətli metalı civə olmadan və yeni texnologiyaların köməyi ilə çıxarmağı təklif edirlər. Fonseka əlavə edib: “Yeni texnologiyalar ətraf mühitə zərərin miqdarını azaldacaq və qızılın daha səmərəli hasilatına imkan verəcək”.

Hər il dünyada 2700 ton qızıl çıxarılır. Bunun 500 tonu kiçik kustar istehsalçıların – inkişaf etməkdə olan ölkələrdə yerləşən kiçik özəl mədənlərin payına düşür. Bir çox hallarda həmin müəssisələrdə fəhlələr dəhşətli şəraitdə işləyir, onların həyatı və sağlamlığı təhlükə altına düşür. Xüsusən, əməkdaşlar özləri, həmçinin şaxtaların yerləşdiyi kəndlərin sakinləri civənin toksik təsirindən əziyyət çəkirlər. Bu, onlarda mərkəzi əsəb sisteminin zədələnməsinə, qızdırmalara, görmə və eşitmə qabiliyyətlərinin itirilməsinə, uşaqlarda isə inkişafın ləngiməsinə səbəb olur.

Qızıl hasilatı sənayesində 15 milyon insan işləyir. Onlardan 4,5 milyonu qadınlar, 600 mini isə uşaqlardır. Bu sahə bir çox ölkələrdə kənd əhalisini işlə təmin edir, lakin onların əksəriyyətində kustar mədənlər qanun çərçivəsində fəaliyyət göstərmir, həmçinin istehsal dövlət tərəfindən qadağan və məhdudlaşdırıcı sanksiyalara məruz qalır. Dövlət orqanları yalnız iri şirkətlərə lisenziyalar verirlər.

Qlobal Ekoloji Fondun və BMT-nin təşəbbüsü çərçivəsində təkcə yeni texnologiyaların tətbiqi deyil, həmçinin qızıl hasilatı ilə məşğul olan ölkələrdə qanunvericiliyin təkmilləşdirilməsi, fəhlələrlə rəsmi müqavilələrin bağlanılması, onlar üçün layiqli əmək şəraitinin yaradılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.