İQTİSADİYYAT
Qlobal enerji təminatında mühüm addımlar – ŞƏRH

Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan “Bakı Enerji Həftəsi” çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – "Caspian Oil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – "Caspian Power" sərgilərinə ev sahibliyi edərək bir daha beynəlxalq müstəvidə öz yerini və mövqeyini nümayiş etdirdi. Dünyanın 38 ölkəsindən 331 şirkətin iştirak etdiyi sərgi artıq 28 ildir neft, qaz və enerji sektorunda əhəmiyyətli əməkdaşlıq üçün mühüm platformaya çevrilib. Əlbəttə, bu qədər şirkətin Azərbaycana toplaşması heç də təsadüfi deyildi. Nüfuzlu tədbirlərin təşkil edilməsi üçün təhlükəsiz məkan olan və əməkdaşlıq məsələlərinin müzakirə edilməsində artıq sözünü demiş ölkəmizin qazandığı nailiyyətlərin təməlində Ümummilli Liderimiz Heydər Əliyevin müdrikliyi dayanır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov söyləyib.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi neft strategiyasının Azərbaycanın gələcək inkişafında əvəzsiz rol oynadığını bildirən A.Süleymanov deyib: “1994-cü ildən təşkil edilən sərgilərə Ulu Öndər daim dəstək verib. Budəfəki “Bakı Enerji Həftəsi” Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin yubileyi ilə üst-üstə düşmüş oldu. Məlumdur ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan edilib və sərgi çərçivəsində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş stend nümayiş etdirilib. “Bakı Enerji Həftəsi” çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – "Caspian Oil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – "Caspian Power" sərgilərinin açılışında Prezident İlham Əliyev çıxışında bildirdiyi kimi, 30 ildir - 1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. “1994-cü ildə neft strategiyamızın - Ulu Öndər Heydər Əliyevin neft strategiyasının astanasındaydıq”, - deyən Azərbaycan Prezidenti 1994-cü ildə ilk neft-qaz sərgisinin keçirilməsinə diqqətə çəkərək “Əsrin müqaviləsi”nin imzalandığını bildirdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi daxil oldu. Bu, həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısında yer alır”.
YAP Nəsimi rayon təşkilatının sədri diqqətə çatdırıb ki, təbii, geosiyası və iqtisadi məkan kimi dünyanın maraq dairəsində olan ölkəmizə dünya ölkələrindən gələn şirkətlər Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olmasının bir daha şahidi olur və mövcud mühit marağı daha da artırır. Müstəqilliyimizin ilk illərində Azərbaycanda mövcud olan vəziyyət və böhran ölkəmizi uçuruma sürükləmişdi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, qonşu ölkələrlə münasibətlər xarici sərmayələrə dövlət təminatının verilməsi əlbəttə ki, böyük şirkətlərin ölkəmizə sərmayə qoymasına imkan verdi. “Əsrin müqaviləsi” ən önəmli və həyati dəyərə malik beynəlxalq müqavilələrdən birincisi kimi tarixdə yer alıb. Tarixi müqavilə müasir və qüdrətli Azərbaycanın təməlini möhkəmləndirdi, ölkənin bu gününün və gələcəyinin uğurlu inkişafına yol açdı. Azərbaycanın neft sənayesinin, ümumiyyətlə, iqtisadiyyatının inkişafında yeni dövrün əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanması ilə başlamış iş XXI əsrdə ölkəmizin dinamik inkişaf yolunu müəyyən etdi. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində "Əsrin müqaviləsi" Azərbaycanı investisiyalara açıq bir dövlətə çevirdi və xarici investorlar, bu layihə təsdiqini tapdıqdan sonra, sərbəst şəkildə ölkəmizə investisiya yatırmağa başladılar. 1994-cü ildən bu günə qədər ölkəmizə milyardlarla dollar həcmində xarici investisiyalar yatırıldı, neft sektorunun inkişafı isə, özlüyündə, qeyri-neft sektorunun da inkişafını təmin etdi.
“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti nəticəsində, neft və qazın bir neçə kəmər vasitəsi ilə Azərbaycandan Avropaya çıxarılması təmin edilib.
Azərbaycan enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsidir, dünya ölkələri ilə enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaşdır. Bu əməkdaşlığın coğrafiyası genişlənir. Prezident İlham Əliyev çıxışında qlobal enerji ilə bağlı Azərbaycanın mövqeyini bir daha təsdiqlədi”, - deyə A.Süleymanov vurğulayıb.