ELM VƏ TƏHSİL
Qlobal informasiya mühitinin təşəkkül və inkişaf tarixi ilə bağlı yeni monoqrafiya
Bakı, 26 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Nigar Babaxanovanın “Beynəlxalq informasiya mühiti və elmi-mədəni inteqrasiya” kitabı çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, yeni nəşr “Beynəlxalq elmi kommunikasiya müstəvisində informasiya mübadiləsi”, Azərbaycan beynəlxalq informasiya mühitində: informasiya və çap məhsullarının mübadiləsi sahəsində əməkdaşlığın yaranması və inkişafı”, “Elmi-mədəni inteqrasiya tarixi və elmi–təşkilati aspekt”, “Beynəlxalq standartlar və onların informasiya mübadiləsi prosesində tətbiqi” və digər bölmələrdən ibarətdir.
Kitabın elmi redaktoru Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli, rəyçiləri filologiya elmləri doktoru Paşa Kərimov və tarix elmləri doktoru, professor Fərid Ələkbərlidir. Beynəlxalq elmi-mədəni proqramlar üzrə məsləhətçi isə ABŞ Şərqi Nyu-Mexiko Universitetinin beynəlxalq əlaqələr və xüsusi təhsil üzrə professoru Maykl Şauqnessidir.
Monoqrafiya qlobal informasiya mühitinin təşəkkül və inkişaf tarixinə, intellektual inteqrasiyanın elmi-təşkilati məsələlərinə həsr olunub.