CƏMİYYƏT
Qlobal istiləşmə mərcan riflərinə ciddi təhlükədir
Bakı, 6 yanvar, AZƏRTAC
Qlobal istiləşmə mərcan riflərinin rənginin solmasına və məhvinə gətirib çıxarır. Bu da planetimizin ən mühüm ekoloji sistemlərindən birinə çox ciddi təhlükə törədir.
AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) dəstəyi ilə hazırlanmış yeni tədqiqatdan belə məlum olur. Ekspertlərin fikrincə, indiki meyil saxlanılsa və beynəlxalq birlik parnik qazlarının emissiyalarının azaldılmasına nail ola bilməsə, artıq bu əsrin sonlarına doğru mərcan riflərinin 99 faizinin rəngi solacaq.
Mərcan riflərinin rənginin bərpasına təqribən beş il vaxt lazımdır. Amma mərcan riflərinin çoxunun rəngi solur, fotosintetik fəallığı itir və məhv olur. Mərcan riflərinin rənginin solması nəticəsində onların çoxlu sayda heyvan və bitkinin yaşayışına şərait yaradan ekoloji sistemi pozulur.
2016-cı ildə bu proses Avstraliya ərazisində yerləşən Böyük Baryer Rifində mərcanların 90 faizinə təsir göstərib. Bütövlükdə ötən il bütün dünyada mərcan riflərinin 20 faizi məhv olub.
İqlim üzrə Paris sazişi mərcan riflərinin müdafiəsini təmin edir, amma bu, yetərli deyildir. Selsi ilə 1,5 dərəcəyə qədər istiləşmə nəticəsində 2070-ci ilə qədər planetimizdəki mərcan riflərinin üçdə iki hissəsinin rəngi sola bilər. Proqnozlara görə, bu proses ilk növbədə Tayvanda və Terks və Kaykos arxipelaqı ətrafındakı mərcan liflərinə təsir göstərəcək. Sonrakı onilliklər ərzində Bəhreyn sahillərində, Çili və Fransa Polineziyasındakı riflərə də ziyan dəyəcək.