İQTİSADİYYAT
Qlobal neft tələbatı 2023-cü ilədək pandemiyadan əvvəlki səviyyəyə qayıtmayacaq
Bakı, 18 mart, AZƏRTAC
Qlobal xam neft tələbatı 2023-cü ilə qədər pandemiyadan əvvəlki səviyyəyə qayıtmayacaq.
AZƏRTAC xəbər verir ki, bu proqnozla Beynəlxalq Enerji Agentliyi (IEA) çıxış edib.
IEA-ya görə, bu il qlobal neft tələbatında pandemiyadan sonrasındakı azalmanın 60 faizi bərpa olunacaq.
Qeyd edək ki, treyderlər pandemiyadan sonra qlobal neft tədarükündə riskin davam edəcəyini və istehlakın bərpasının isə çətin olacağını gözləyirlər.
ABŞ-ın neft ehtiyatlarındakı artım və Beynəlxalq Enerji Agentliyinin bazarda əlavə ehtiyatlarının olduğunu açıqlaması cari ildə neft qiymətlərindəki artımı dayandırıb. OPEC-in bu ayın əvvəlində istehsal məhdudiyyətlərini uzatmaq barədə sürpriz qərar verməsinə baxmayaraq, bu həftə neft qiymətləri ucuzlaşıb. OPEC-in növbəti iclasda – aprelin 1-də neft hasilatına dair məhdudiyyətlərin müzakirə olunması gözlənilir.