CƏMİYYƏT


Qlobal pandemiya şəraitində beynəlxalq əməkdaşlığın gücləndirilməsində Azərbaycanın rolu

Bakı, 3 iyun, AZƏRTAC

Bu gün Birləşmiş Millətlər Təşkilatı qlobal problemləri müzakirə etmək iqtidarında olan yeganə beynəlxalq təşkilatdır. COVID-19 pandemiyası onu göstərdi ki, dünya ölkələrinin virusla mübarizəni təkbaşına milli səviyyədə təşkil etmələrinə baxmayaraq, beynəlxalq əməkdaşlıq, məsləhətləşmələr və qarşılıqlı dəstək vasitəsilə problemin daha az zərərlə həllinə nail olmaq mümkündür.

2020-ci ilin mart ayından Azərbaycanda pandemiyanın qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən ardıcıl tədbirlər və düzgün maliyyə təminatı, eyni zamanda qabaqcıl ölkələr tərəfindən tətbiq olunan müsbət təcrübənin öyrənilməsi nəticəsində Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyi kimi pandemiya ilə mübarizənin idarə olunması üzrə nümunəvi model nümayiş etdirdi.

Bunu AZƏRTAC-a Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib.

Deputat hesab edir ki, hazırda dünyanın qlobal səhiyyə siyasətində əsas məsələ insanların bütün səhiyyə infrastrukturundan bərabər istifadə edə bilməsini və onların sağlamlığının qorunmasında tibb elminin təsdiq etdiyi dərmanlara, vaksinlərə və digər preparatlara əlçatanlığı təmin etməkdir.

“COVID-19 pandemiyası ilə mübarizədə hələ ki, tövsiyə olunan yeganə üsul vaksinasiyadır. Lakin, təəssüflər olsun ki, dünya əhalisinin böyük əksəriyyəti, xüsusilə azgəlirli ölkələr vaksinlərin əldə olunmasında, onların ölkəyə idxal edilərək insanlara çatdrıılmasında böyük çətinliklərlə üzləşirlər.

Beynəlxalq hesabatlara əsasən bu günə qədər dünyada istehsal olunan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınıb, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşüb.

Hətta elə ölkələr də mövcuddur ki, onların vaksin təminatı bilərəkdən bir çox böyük dövlətlər tərəfindən siyasiləşdirilərək müəyyən şərtlər qarşılığında verilir. Bu da beynəlxalq konvensiyanın qaydalarına ziddir.

Bununla bağlı ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus, BMT-nin Baş katibi Antonio Quterreş vaksinlərin ədalətli bölgüsü ilə bağlı kəskin mesajlar ötürərək əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dəfələrlə humanistliyini nümayiş etdirərək bu məsələyə dair ən mötəbər kürsülərdən bir sıra təşəbbüslərlə çıxış edərək fikirlər səsləndirib.

Belə ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri olaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü, Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupu yaradılaraq videokonfrans formatında Zirvə görüşü keçirilib. Həmçinin regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyev 2020-ci ilin noyabr ayında zəruri təşəbbüslə çıxış edib və bunun nəticəsində 2020-ci il dekabrın 3-4-də BMT Baş Assambleyasının 31-ci Xüsusi Sessiyası keçirilib.

Onu da qeyd edim ki, belə zamanlarda milli diplomatiyamız da humanist məramları ilə seçilir. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ölkəmiz tərəfindən Özbəkistan, Çin Xalq Respublikası, Ukrayna, İtaliya, Macarıstan, Bosniya və Hersoqovina olmaqla 30-dan artıq dövlətə humanitar yardımlar göstərilib. Eyni zamanda, Azərbaycan COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü formada 10 milyon dollar həcmində ianə ayırıb.

Azərbaycan və onun lideri hər zaman ədalətin bərqərar olmasına çalışaraq beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində bərabərlik prinsipinə əsaslanan birgə qərarların qəbul olunması üçün bu gün də böyük əzmkarlıq və fəallıq nümayiş etdirməkdədir”, deyə M.Əfəndiyev bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.