SİYASƏT


Qlobal pandemiyanın mənfi təsirlərinə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin dayanıqlılığına və inkişafına nail olunub

Bakı, 8 yanvar, AZƏRTAC

Sirr deyil ki, COVID-19 pandemiyası ötən bir il ərzində dünya iqtisadiyyatına zərbələr vurub və 2020-ci il bütün ölkələr üçün iqtisadi sahədə ağır il olub. Əlbəttə ki, dünyanın ayrılmaz hissəsi olan Azərbaycanın iqtisadiyyatı da zərər görüb. Lakin dövlətimiz digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb, iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb. Amma bunun əvəzində qeyri-neft sənayesi 11 faizdən çox artıb. Bu isə real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı deməkdir.

Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, qlobal pandemiyanın mənfi təsirlərinə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin dayanıqlılığına və inkişafına nail olunub. 2020-ci ildə pandemiya ilə əlaqədar məşğulluq və sosial rifaha dəstək məqsədilə 5 milyon nəfərini əhatə edən 4 istiqamət üzrə 12 tədbirin həyata keçirilməsinə, 6 dəfə 190 manat birdəfəlik ödəmə proqramının reallaşdırılmasına milyardla manat vəsaitin xərclənməsinə, müharibənin aparılmasına və digər xərclərin olmasına baxmayaraq, ölkəmizin qeyri-neft sektoru ilə yanaşı, kənd təsərrüfatı 2 faiz artıb, valyuta ehtiyatlarımız qorunub, orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıb. Bu il üçün isə qanunlara edilmiş əlavə və dəyişikliklərlə şəhid ailələrinə, Qarabağ əlillərinə veriləcək təqaüdlər 50-70 faiz artırılıb. Yəni, görünən odur ki, dövlətin siyasətinin mərkəzində insan amili dayanır və Prezident İlham Əliyevin də məqsədi insanların sağlamlığının qorunması ilə yanaşı, ölkəmizin iqtisadi dayanıqlılığın təmin edilməsi fonunda sosial müdafiə tədbirlərini həyata keçirməklə əhalinin sosial rifah halını daha da yaxşılaşdırmaqdır.

“Azərbaycan iqtisadiyyatının dayanıqlılığı, sosial proqramların tam icra edilməsi, transmilli layihələrin icrası, bütün bunların fonunda xalq-iqtidar birliyi hər zaman olduğu kimi bu gün də anti-Azərbaycan dairələrini, ermənipərəstləri narahat edir”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, xaricdəki və daxilimizdəki ermənikimilər də aldıqları direktivlərə uyğun olaraq nailiyyətlərimizə ləkə yaxmağa, uğurlarımıza kölgə salmağa çalışırlar: “Çox maraqlıdır ki, Azərbaycana münasibətdə qərəzli mövqe tutan hansısa təşkilatın yaydığı qeyri-obyektiv hesabatdakı ölkəmizlə bağlı mənfi məqamı tirajlayan radikal müxalifət, antimilli şura, qondarma ekspertlər, sosial şəbəkə trolları nədənsə dünya miqyasında ən etibarlı mənbə hesab olunan Dünya Bankının hesabatını inkar etməyə cəhd edirlər. Nə qədər görməzdən gəlməyə çalışsalar da, reallıq ondan ibarətdir ki, Dünya Bankının “Doing Business” hesabatında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir və Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilib. Eyni zamanda, inkişaf etməkdə olan 74 ölkə arasında aparılmış araşdırmaya əsasən, Azərbaycan dünya miqyasında inklüziv inkişaf indeksi üzrə üçüncü, əhalinin elektrik təchizatı səviyyəsinə görə ikinci, islahatçı obrazı əmsalına görə beşinci, hökumətin uzunmüddətli strategiyasına görə 10-cu, siyasi sabitliyi təmin etməsinə və dəmir yolu xidmətlərinin səmərəliliyinə görə, 11-ci, hava yolları xidmətlərinin səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerlərdədir. Bu real göstəricilər bir daha göstərir ki, Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələrindəndir, sabitdir, dayanıqlıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.