SİYASƏT
Qlobal problemlərin həlli üçün humanitar əməkdaşlıq çox vacibdir

Astana, 2 dekabr, AZƏRTAC
Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Qazaxıstanın tarixi mövzularda ixtisaslaşmış jurnalisti, “Mangi El” (“Əbədi ölkə”) elmi-tarixi jurnalının əməkdaşı Daniyar Kasumov AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib ki, qlobal problemlərin həlli üçün humanitar əməkdaşlıq çox vacibdir.
D.Kasumov bildirib ki, Forumun ən böyük əhəmiyyətindən biri də burada tanınmış ictimai-siyasi xadimlərin dünyada artan siyasi və hərbi münaqişələrin qarşısının alınması məqsədilə beynəlxalq humanitar əməkdaşlığın daha da genişlənməsi üçün öz iradələrini ortaya qoymalarıdır. Qazaxıstanlı jurnalist Bakıya səfərinin və Forumda dünyanın müxtəlif ölkələrindən iştirak edən siyasət, elm və mədəniyyət xadimləri, aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşünün onda zəngin təəssüratlar yaratdığını bildirib. D.Kasumov deyib: “Bilirsiniz ki, hazırda üzləşdiyimiz ən ciddi problemlərdən biri də qlobal ekoloji problemdir. Bu problemin həlli üçün humanitar əməkdaşlıq çox vacibdir. Amma təəssüf ki, dünyada bu məsələdə ciddi təşəbbüskarlıq cəhdlərinə az rast gəlinir. Azərbaycanın bu istiqamətdə səyləri, müasir biliklərə, insan potensialına və ekoloji sivilizasiya prinsiplərinə əsaslanan uzunmüddətli davamlı inkişafın təmin edilməsinə töhfə verməyə çalışması təqdirəlayiqdir”.
Azərbaycanın iqtisadi inkişafına görə dünyada lider ölkələrdən biri olduğunu deyən jurnalist qlobal miqyasda onun əhəmiyyətinin getdikcə artdığını, söz sahibinə çevrildiyini vurğulayıb. O bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu çoxtərəfli əməkdaşlıq, qarşılıqlı hörmət əsasında dialoq bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Azərbaycan Prezidentinin uğurlu siyasətinin nəticəsidir ki, bölgədə sülh və əmin-amanlıq davam edir. “Əminəm ki, Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq”, - deyə D.Kasumov əlavə edib.
Jurnalist deyib: “Dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıda siyasi, mədəni və elmi elitanın, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri bir daha əmin oldular ki, inkişaf proseslərinin davamlılığının təmin olunması məqsədilə humanitar əməkdaşlıq daha da gücləndiriləcək. Elə buna görədir ki, iştirakçılar indiki və gələcək nəsillərin rifahının təmin olunmasına yönələn müasir idarəetmə və istehsal texnologiyalarının tətbiqinin genişləndirilməsinin vacibliyini təsdiq etdilər. Bu Forum həm də multikulturalizmin inkişafına mühüm töhfə baxımından əhəmiyyətə malikdir. Forum bir daha sübut ki, müxtəlif beynəlxalq və milli qurumlar tolerantlıq, qarşılıqlı ehtiram mühitinin formalaşdırılması məqsədilə bir araya gəlmək niyyətini qoruyub saxlayır”.
D.Kasumov deyib ki, son illər Azərbaycanda davamlı inkişaf prosesləri müşahidə edilir. Ölkədə yeni elmi nailiyyətlərə əsaslanan nanotexnologiyalar və biotexnologiyalar tətbiq olunur, ərzaq təhlükəsizliyi təmin edilib.
Qazaxıstan ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdiyini söyləyən jurnalist iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb.
Forum iştirakçısı olaraq Azərbaycanın bölgələrinə də səfər etdiyini bildirən D.Kasumov Qəbələ, Şəki, Oğuz rayonlarının təbiətinə heyran qaldığını bildirib. O vurğulayıb ki, Azərbaycanda turizm inkişaf edir. Qazaxıstan də turizmin inkişafında maraqlıdır. Azərbaycanlı iş adamlarının bu sahəyə sərmayə qoyması yaxşı olardı.
Qazaxıstanlı jurnalist deyib: “Mən dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu kimi özümü rahat hiss etməmişdim. Azərbaycan xalqı həm də çox qonaqpərvər xalqdır. Xalqlarımız arasında bir çox oxşarlıqlar var. Bakı çox xoşuma gəldi. Azərbaycanda beş il əvvəl olmuşdum. Budəfəki səfərim zamanı gördüyüm inkişaf məni sadəcə olaraq heyrətləndirdi”.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana