CƏMİYYƏT


Qlobal sorğunun nəticələri: planetin sakinləri iqlim dəyişmələrini dayandırmağı tələb edirlər

Bakı, 28 yanvar, AZƏRTAC

Oksford Universitetinin mütəxəssisləri tərəfindən dünyanın 50 ölkəsində keçirilmiş BMT-nin sorğu iştirakçılarının 64 faizi iqlim dəyişməsini qlobal əhəmiyyətli fövqəladə vəziyyət hesab edir. AZƏRTAC BMT–nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bu, mövzu üzrə ən miqyaslı sorğudur - bu sorğu seçkilərdə səs vermək imkanına malik olmayan 18 yaşına qədər yarım milyondan artıq insan da daxil olmaqla, dünya əhalisinin yarısını əhatə edir.

Sorğunu təşkil edən BMT-nin İnkişaf proqramı, iştirakçıların yaşı, cinsi və təhsil səviyyəsinə görə səsvermənin detallarını bölməklə, onları hökumətlərə çatdıracaq. Bir çox dövlət üçün bu, iqlim dəyişikliyi mövzusunda ictimai rəyin ilk ətraflı araşdırmasıdır. BMT xatırladır ki, 2021-ci il planetin müdafiəsi üzrə birgə fəaliyyət üçün həlledici ildir: noyabrda Qlazqo şəhərində İqlim sammiti keçiriləcək və bu sammitin iştirakçıları onun gedişində mühüm qərarlar qəbul etməlidirlər.

Respondentlərə iqlim dəyişikliyini fövqəladə hal hesab edib-etmədikləri və bu fenomenlə mübarizə üçün altı sahə: iqtisadiyyat, enerji, nəqliyyat, ərzaq və kənd təsərrüfatı, təbiət və əhalinin müdafiəsi üzrə tədbirləri dəstəkləyib-dəstəkləmədikləri barədə sualları cavablandırmaq təklif olunub.

Alınan nəticələrə görə, bir çoxları hökumətlərinin iqlim dəyişmələri ilə mübarizə sahəsində daha miqyaslı tədbirlərin görülməsini istərdi. Məsələn, atmosferə zərərli tullantıların həcminə görə "lider" olan on ölkədən səkkizinin əhalisi bərpa olunan enerji mənbələrinə keçidi dəstəkləyir. Torpaqların qeyri-davamlı istifadəsi nəticəsində havanı ən çox çirkləndirən dünyanın beş ölkəsindən dördünün sakinlərinin əksəriyyəti meşələri və torpaqları insan fəaliyyətinin nəticələrindən qorumağı tələb edirlər. Ən böyük şəhər əhalisi olan ölkələrdə insanların əksəriyyəti ekoloji cəhətdən təmiz avtomobillər və avtobuslar xəyal edir və velosipedə keçməyə hazırdır.

"Sorğunun nəticələri göstərir ki, yaşayış ölkəsi, cinsi, yaşı və təhsil səviyyəsindən asılı olmayaraq, iqlim dəyişmələrinə qarşı mübarizə tədbirlərinə əhalinin bütün təbəqələri arasında geniş ictimai dəstək verilir", – deyə BMTİP rəhbəri Əhim Ştayner bildirir. Daha əhəmiyyətlisi odur ki, insanlar istəyirlər ki, siyasətçilər bu böhranın qarşısını almağa imkan verəcək tədbirlər görsünlər". Onun sözlərinə görə, bu o deməkdir ki, hökumət əhalinin dəstəyinə arxalanaraq fəal fəaliyyətə başlaya bilər.

Sorğunu keçirən Oxford Universitetinin mütəxəssisləri seçmə mərhələsinə cəmiyyətin bütün təbəqələrinin nümayəndələrini daxil etdilər və sorğu ilə yetkinlik yaşına çatmayanları əhatə etmək üçün yenilikçi üsullardan istifadə etdilər – sorğunu mobil telefonlarda oyun üçün tətbiqlərdən istifadə etməklə yaydılar. Tədqiqatın statistik xətası təxminən iki faizdir.

Meşələrin və torpağın qorunması (54 faiz), günəş, külək və digər bərpa olunan mənbələrin (53 faiz) enerjisindən istifadə, ekoloji cəhətdən təmiz kənd təsərrüfatına keçid (52 faiz), həmçinin "yaşıl" iş yerlərinin yaradılması (50 faiz) üzrə tədbirlər ən çox dəstək alır.

Oksford Universitetinin professoru Stiven Fişerin fikrincə, sorğunun nəticələri bu mövzuda ictimai rəy sahəsində "məlumatlar dəryası"nı təşkil edir. "Düşündüklərimizdən daha çox insan iqlim dəyişmələrini fövqəladə vəziyyət kimi qəbul edir, deyə o qeyd edib. - Bir çoxları təcili tədbirlərin görülməsini tələb edir" .

Tədqiqat sorğu iştirakçısının təhsil səviyyəsi ilə mövqeyi arasında əhəmiyyətli asılılığı aşkar etdi. Misal üçün Butan kimi aşağı gəlirli dövlətlər də daxil olmaqla, bütün ölkələrdə ali təhsili olan insanların böyük əksəriyyəti (80 faizdən çox) iqlim dəyişmələrinə qarşı təcili tədbirlərin görülməsinin zəruriliyində əmindir. Gənclər arasında da bu fikir yaşlı nəslin nümayəndələri ilə müqayisədə daha çox yayılıb.

Sorğuda dünyanın ən inkişaf etmiş iqtisadiyyata malik "Böyük iyirmiliyə" daxil olan ölkələrin əksəriyyətinin sakinləri iştirak ediblər. BMT ümid edir ki, ictimai rəyin araşdırılmasının nəticələrinə əsaslanaraq, hökumətlər pandemiyadan sonra iqtisadiyyatın bərpası zamanı təsərrüfatçılığın ekoloji cəhətdən təmiz metodlarını tətbiq edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.