CƏMİYYƏT
Qobu qəsəbəsində ev, Ucar rayonunda avtomobillər yanıb
Bakı, 19 iyul, AZƏRTAC
Abşeron rayonunun Qobu qəsəbəsində ümumi sahəsi 56 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində evin dam örtüyü və məişət əşyaları qismən yanıb. Yüksək temperaturdan televizor əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qusar rayonunda isə ümumi sahəsi 80 kvadratmetr olan ərzaq mağazasının tavanı və kondisioner yanıb. Yüksək temperaturdan mağazanın içərisindəki 10 soyuducuya ciddi ziyan dəyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Alovun yanğından mühafizə bölmələri tərəfindən söndürülməsi təmin edilib.
Daha bir yanğın hadisəsi Ucar rayonunda baş verib. Ümumi sahəsi 150 kvadratmetr olan talvarın yanması nəticəsində “Mercedes” və “Hyundai” markalı minik avtomobilləri yanıb. Bundan başqa, 33 ədəd məişət avadanlığı və digər əşyalar da yanıb. Avtomobilin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.