İQTİSADİYYAT


Qobu qəsəbəsinin və ətraf yaşayış massivlərinin içməli su təchizatı yaxşılaşdırılır

Bakı, 14 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Bakıətrafı kənd və qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması barədə tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC tərəfindən yeni layihələr həyata keçirilir.

ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Abşeron rayonunun Qobu qəsəbəsinin və ətraf yaşayış massivlərinin, eləcə də Qobu Park Məcburi köçkün şəhərciyinin içməli su təchizatında dayanıqlılığın təmin olunması məqsədilə yeni anbarların tikintisi yekunlaşmaq üzrədir. Qobu qəsəbəsinin böyük bir hissəsində içməli su şəbəkəsi yaradılsa da, paylayıcı anbar olmadığından qəsəbəyə verilən suyun tənzimlənməsində çətinliklər yaranırdı. Bunlar nəzərə alınaraq Qobu qəsəbəsində relyef baxımından yüksək ərazidə ümumi tutumu 10 min kubmetr olan 4 su anbarının inşası layihələndirilib. İlkin mərhələdə hər birinin tutumu 2500 kubmetr olan 2 anbar inşa edilib. Hazırda həmin anbarlarda son tamamlama işləri aparılır. Növbəti mərhələdə ümumi tutumu 5 min kubmetr olan daha 2 anbarın inşası nəzərdə tutulur.

Yeni tikilən anbarlar Oğuz-Qəbələ-Bakı magistral su kəmərindən ayrılan 280 millimetr diametrli xətdən qidalanacaq. Bu xətdə suyun təzyiqi yüksək olduğundan məcburi köçkünlərin yaşadığı Qobu Park yaşayış massivini qidalandıran magistral kəmər üzərində hər birinin tutumu 50 kubmetr olan tənzimləyici çənlər də inşa edilib. Yeni yaradılan su təchizatı sistemləri Qobu qəsəbəsi və Qobu Park yaşayış kompleksinin paylayıcı su şəbəkələrində sabit hidravlik rejimləri təmin etməklə əhalinin içməli su təminatında dayanıqlılığa imkan verəcək.

Qeyd edək ki, cari ilin may ayında Qobu Park yaşayış kompleksinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 225 millimetr diametrli borularla 5,4 kilometr uzunluğunda magistral su kəməri çəkilərək yaşayış kompleksinin anbarlarına birləşdirilib. Bununla da kompleksə Kür-Bakı magistral su kəməri ilə yanaşı, Oğuz-Qəbələ-Bakı su xətti hesabına içməli suyun verilməsi təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.